
İkinci mühüm məsələ isə ondan ibarətdir ki, iki qardaş ölkə müqavilədən irəli gələn öhdəçiliyi və öz təhlükəsizliklərini təmin etmək üçün hərbi institusional qurumların mövcud olması reallığından və zərurətindən çıxış edərək bu istiqamətdə də müştərək addımlar atmaqla bağlı qərar qəbul edirlər. Yəni Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zamanda, bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi də vurğulanır. Bu isə əslində müdafiə güclərimizə birgə sinxron hərəkət qabiliyyəti tanıyır.
Vətən müharibəsindən sonra Ali Baş Komandan cənab İlham Əliyev Milli Ordumuz haqqında danışarkən Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaratmaq barədə öz fikirlərini səsləndirmişdi. Türkiyə Ordusu isə dünyanın ən döyüş qabiliyyətli və modern ordularından biridir. İmzalanan Şuşa Bəyannaməsi həm də bu istiqamətdə real addımların atılmasını təmin edəcək.
Abdulkərimova Samiyə, 12 saylı şəhər poliklinikasının baş həkimi