
Birici Dünya müharibəsində imperialist qüvvələrlə Osmanlı imperiyasının ölüm-dirim mübarizəsində çar Rusiyasının əsarətində olan minlərlə Azərbaycan türkü öz qardaşlarına kömək etmək məqsədi ilə Çanaqqala döyüşündə fədakarlıqla vuruşaraq canlarından keçmiş. Eləcə də 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun rolu misilsiz olmuşdur. Qısa müddət ərzində 1918-ci il sentyabr ayının 15-də öz qardaşları (Azərbaycan türkləri) ilə birlikdə Şərqin qapısı hesab edilən Bakı şəhərini erməni-daşnaq-bolşevik ünsürlərindən azad etmişlər.
Müstəqilliyimizi itirdiyimiz 70 il ərzində bizi bir-birimizdən tikanlı məftillər ayırsa da, Sovet İmperiyasının əsarətindən xilas olan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan da məhz Türkiyə Cümhuriyyəti olmuşdur.
Müstəqilliyimizin ilk illərində Azərbaycanın gözü olan Qarabağımız Erməni təcavüzkarları tərəfindən işğal edildi. Üzərindən illər keçdi. Güclənən rəşadətli Azərbaycan ordusu işğal altında olan torpaqlarını azad etdi. Bu Vətən savaşında Türk qardaşlarımız bizə mənəvi və hərbi cəhətdən dəstək oldular. Bu da Azərbaycan – Türkiyə qardaşlığının bütün sınaqlardan inamla və üzüağ çıxdığının bariz sübutudur.
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan-Tükiyə . (Bəxtiyar Vahabzadə)
Sabunçu qəsəbəsi, Məmmədyarov adına 155 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəbiyeva Gülnar Vaqif qızı