Ermənilərin Şamaxıda törətdikləri soyqırımından 103 il ötür

Ermənilərin Şamaxıda törətdikləri soyqırımından 103 il ötür Ermənilərin Şamaxıda törətdikləri soyqırımı hadisələrindən 103 il ötür.

18 mart 1918-ci il, səhər saat 6-da ermənilər Şamaxını mühasirəyə alaraq 10 top, yüzlərlə pulemyot və digər silahlarla şəhəri atəşə tutublar.

Bundan sonra şəhərin bir neçə məhəlləsində yanğınlar başlamış, şəhər əhalisi təslim olmağa məcbur olmuşdu. Şamaxıya daxil olan ermənilər şəhəri yenidən talan etmiş, az-çox salamat qalmış tikililər yandırılmışdı. Şamaxıda ermənilərin törətdikləri cinayətlər xüsusi qəddarlıqla həyata keçirilmişdir. Qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilib, gözləri çıxarılıb, qarınları yırtılıb, yandırılıb, işgəncə ilə öldürülüblər.

Şəhərdəki bütün məscidlər, onların nəzdindəki müqəddəs yerlərlə birlikdə yandırılmışdı. Həmin vaxt qəzada 120 kənd olmuşdur ki, bunlardan da 86-sı soyqırımına məruz qalıb.

“Piran-Şirvan” məhəllələri tamamilə talan edilmiş və yandırılmışdı. Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsinə tamamilə od vurulmuş, şəhərin 13 məhəllə məscidi və məşhur Cümə məscidi yandırılmışdı.

Şamaxı soyqırımı zamanı öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8–12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920-ci ildə mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir.

Ekspertlərin arxivdəki aktlarda olan rəqəmlər üzrə hesablamalarına görə, Şamaxı qəzasının 53 kəndində 8027 nəfər azərbaycanlı qətlə yetirilmiş, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur.

Oxşar xəbərlər