“Konqresin qərarı ermənilərin yolunu bağladı, azərbaycanlıların yolunu açdı” — Qubad İbadoğlu

“Konqresin qərarı ermənilərin yolunu bağladı, azərbaycanlıların yolunu açdı” — Qubad İbadoğlu ABŞ Konqresinin Azərbaycan ərazilərinin Ermənistan tərəfdən tanınması barədə qərarı imkan verir ki, bundan sonra Dağlıq Qarabağ azərbaycanlıları münaqişədən əziyyət çəkmiş köçkünlər kimi tanınsınlar və onlara yardım edilsin.
Bunu ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını bir daha təsdiq edərək, 296 saylı düzəlişi qəbul edilib. Düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində həlak olmuş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.
O qeyd edib ki, qəbul olunmuş sənəd birmənalı olaraq, Azərbaycanın xeyrinədir: “Birincisi, ABŞ son 2 ildə Ermənistana, xüsusən də Dağlıq Qarabağ ermənilərinə olan yardımları minimumlaşdırıb, Azərbaycana hərbi yardımlar edir. Qəbul olunmuş qərar imkan verir ki, bundan sonra Dağlıq Qarabağ azərbaycanlıları münaqişədən əziyyət çəkmiş köçkünlər kimi tanınsınlar və onlara da ABŞ qanunvericiliyinə uyğun yardım edilsin. Bir sözlə ABŞ Dağlıq Qarabağ ermənilərinə yardımı dayandırıb, Dağlıq Qarabağ azərbaycanlılarına yardım etmək üçün hüquqi baza formalaşdırır. Buna sevinmək lazımdır. Bu o deməkdir ki, ermənilərin yolu kəsildi, bizim yolumuz açıldı”.

Oxşar xəbərlər