Apreldə şənbə və bazar günləri də dərs keçirilə bilər – Açıqlama

Apreldə şənbə və bazar günləri də dərs keçirilə bilər – Açıqlama Xəbər verdiyimiz kimi, dünən Nazirlər Kabineti ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Bəs tətil günləri tədris müddətində necə əvəz olunacaq? Bununla bağlı “Yeni Sabah”a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, tətil müddəti 15 günü keçərsə, iyun ayının 14-dən sonra dərslər uzadıla bilər:

“Biz ilk növbədə diqqət yetirməliyik ki, Nazirlər Kabineti tətilə hansı səbəblərlə bağlı qərar verib. Nazirlər Kabinetinin qərarında göstərilir ki, məktəblər ona görə tətil edir ki, orada dezinfeksiya və digər texniki işlər görülsün. Çünki şagirdlərin aktiv hərəkəti zamanı bunu həyata keçirmək mümkün deyildi. Narahatlıq doğuran məqam odur ki, bütün resurslar sərf edilsə də, bu günə kimi çox az sayda məktəbdə dezinfeksiya işləri aparılıb. Konkret olaraq, ölkədə 4447 orta ümumtəhsil məktəbi mövcuddur, yalnız 140-da dezinfeksiya işləri aparılıb. Bu çox aşağı nəticədir”.

Ekspert həmçinin dərs ilinin uzadılacağıyla bağlı iddialara da münasibət bildirib:

“Bilirsiniz ki, ölkədə ilk virusa yoluxmayla bağlı məsələyə 14 gündən sonra aydınlıq gətiriləcək. Virusun ağırlıq səviyyəsi və əhatə dairəsi müəyyən edildikdən sonra tətil müddətinin artırılıb-artırılmaması müzakirə predmeti ola bilər. Məktəblərdə 150 min müəllim, 1,5 milyon şagird var. Burada hansısa virus və ya yoluxma halı müşahidə olunmayıb. Bu o demək deyil ki, olmayacaq. Buna bir neçə xəstəlik – qrip, malyariya və s. də təkan verə bilər. Ümumilikdə isə tətil müddətinin uzadılması gözlənilən deyil. Baş Nazirin dünənki qərarında tətil müddətinin yerinin dəyişdirilməsi qeyd olunmamışdı. Təhsil haqqında qanunda göstərilir ki, hər hansısa bir fövqəladə hal olarsa, müharibə şəraiti, yoluxucu xəstəliklər və s. təhsil müddətinin yeri dəyişdirilə bilər, dəyişdirilməyə də bilər. Onsuz da mart ayında 15 gün qeyri-iş günü idi. Martın 2-də uşaqlar məktəbə getmişdilər. Burada yalnız uşaqların getmədiyi günlərin sayı dörd gün olacaq. Əvəzedilmə elə olacaq ki, növbəti ayda, yəni aprel ayında boşluqlar tamamlanacaq. Aprel ayında heç bir qeyri-iş günü yoxdur və məktəblərimizin 85%-i 5 günlük sistemlə işləyir. Belə məktəblərdə şənbə və bazar həmin keçirilməyən dörd günü əvəz edə bilər. İkinci üsul isə bu dörd dərs gününü hər həftədə dərsləri birləşdirməklə pedaqoji standartlardan istifadə etmək mümkündür. Əgər tətil müddəti 15 günü aşmasa heç bir halda iyun ayının 14-dən sonra dərs salına bilməz. Amma 15 günü aşarsa, onu əvəz etmək mümkün olmayacaq və iyun ayında dərs müddəti uzadılacaq”.

Oxşar xəbərlər