Vətəndaşların narahatlığına rəsmi cavab: “Təhlükəni qabaqlayırıq”

Vətəndaşların narahatlığına rəsmi cavab: “Təhlükəni qabaqlayırıq” Ağaqardaş Qaraşov: “Qurumuş ağacların yenidən bərpası mümkün deyil, belə ağaclar həm də yanğın üçün şərait yaradır”

Ölkə üzrə kütləvi ağacəkmə kampaniyası keçirilir. Kampaniya cəmiyyətdə xoş qarşılandı, böyük dəstək aldı. Amma…

Ara-sıra paytaxt və bölgələrdə kimlərinsə özbaşına ağacları kəsdikləri barədə xəbərləri də yayılır. Bugünlərdə AYNA-ya növbəti belə bir məlumat və fotolar da daxil oldu.

Şəkidən göndərilən məlumatda qeyd olunur ki, rayonun Kiş kəndi yaxınlığındakı meşəlikdə (oraya “Şam bağları” da deyilir) xeyli sayda ağac kəsilib. Kəsilmiş ağac kötükləri şəkillərdə də əks olunur.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin inkişafı departamentinin direktoru Ağaqardaş Qaraşov AYNA-ya bildirib ki, ağacların kəsilməsi özbaşına deyil: “Bir neçə aydır ki, həmin ərazidə qiymətləndirmə aparılır, meşənin qurumuş ağacları qanuna müvafiq olaraq kəsilir. Hətta kəsilən ağaclara diqqətlə baxılsa, onlarda nömrələnmə aparıldığı görünər. Buna sanitar təmizlənmə deyirlər”.

“Aparılan təmizlənmə nəticəsində meşədə sağlam ağacların inkişafına əngəl olan yararsız ağaclar kəsilir. Tamamən qurumuş ağacların yenidən bərpası mümkün deyil. Belə ağaclar həm də yanğın üçün şərait yaradır, məsuliyyətsiz birinin atdığı siqaret kötüyündən meşədə yanğın çıxa bilər”, – ETSN rəsmisi deyib.

A.Qaraşov əlavə edib ki, kəsilmiş ağaclar oduncaq kimi ehtiyacı olan vətəndaşlara və hərbi hissələrə verilir: “Həmin ərazilərdə ağacların kəsilməsi ilə bağlı bir neçə dəfə müraciət olunub. Bir məsələ var ki, Bakıdan gedən adam heç vaxt meşədən ağac kəsə bilməz, ağacı kəsən adam ya meşəbəyi olar, ya da hansısa yerli sakin, kənd adamı. Əsasən qış vaxtı odundan yanacaq kimi istifadə etmək üçün kəsilir. Amma biz həmin yerlərdə olan işçilərimizdən də ayıq-sayıqlıq tələb edirik”.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə İbrahimova isə AYNA-ya açıqlamasında qeyd edib ki, son vaxtlar müşahidə olunan ictimai nəzarət onları da məmnun edir: “Təkcə bu il ərzində vətəndaşlarımızdan xeyli şikayət, narazılıqlar almışıq. Məhz bu əlbirliyi sayəsində Nazirlik tərəfindən qanunsuz hasarlanan ağaclıq, özbaşına kəsilən ağaclarla bağlı ölçü götürülüb”.

“Hər ağacın yanında kimisə nəzarətçi qoymaq mümkün deyil. Bu səbəbdən vətəndaşlar belə hallar gördükdə dərhal ərazi üzrə Nazirliyin idarələrinə və ya birbaşa bizə müraciət edə bilərlər. Nazirliyin 168 saylı “qaynar xətt”i vətəndaşların ixtiyarındadır”, – İbrahimova vurğulayıb.

Vətəndaşların narahatlığına rəsmi cavab: “Təhlükəni qabaqlayırıq”
Vətəndaşların narahatlığına rəsmi cavab: “Təhlükəni qabaqlayırıq”
Vətəndaşların narahatlığına rəsmi cavab: “Təhlükəni qabaqlayırıq”

Oxşar xəbərlər