
Bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlər aşağıdakılardır:
1. Xəstəliklərin anonim diaqnostikası (insan immunçatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit “B” və hepatit “C” xəstəlikləri istisna olmaqla);
2. Tibbi kosmetoloji yardım (tibbi göstəriş əsasında plastik və bərpa (rekonstruksiya) əməliyyatları istisna olmaqla);
3. Tibbi göstəriş olmadan pəhrizlə bağlı müayinə və müalicələr;
4. Cinsin dəyişdirilməsi ilə bağlı cərrahiyyə əməliyyatı və əməliyyatdan sonrakı müalicələr;
5. Reabilitasiya ilə əlaqəli olmayan masaj, balneoloji prosedurlar;
6. Xarici ölkələrə səfərdən (müalicə, reabilitasiya və xidməti ezamiyyət istisna olmaqla) əvvəl tropik xəstəliklərə qarşı peyvəndlərin olunması;
7. Kontakt linzalarla görmə qabiliyyətinin korrektə olunması;
8. Qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması.