Azərbaycanda əlillik dərəcəsinin müəyyən edilməsi qaydaları dəyişəcək

Azərbaycanda əlillik dərəcəsinin müəyyən edilməsi qaydaları dəyişəcək “Azərbaycanda mövcud I, II və III qruplar üzrə əlillik meyarları beynəlxalq təcrübəyə uyğun gəlmir. Əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq. Yeni meyarlar 1000-dən çox xəstəliyi əhatə edir”. Bunu bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu kriteriyalar Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri tərəfindən hazırlanıb, Dünya Səhiyyə Təşkilatı tərəfindən isə ekspertiza edilib. Nazir yaxın günlərdə qanunvericilik paketinin Milli Məclisə təqdim ediləcəyini bildirib.

Milli Məclisin Səhiyyə, Əmək və sosial siyasət komitələrinin üzvü İlham Məmmədov Sputnik Azərbaycan-a deyib ki, hələlik bununla bağlı Milli Məclisə sənəd daxil olmayıb: “Hazırda meyarlarla bağlı iş aparılır. Əlilliyin təyin olunması meyarları beynəlxalq standartlara uyğunlaşdırılacaq və bununla bağlı İşçi Qrup yaradılıb. Əlilliyin I, II və III qruplar üzrə deyil, dərəcələrə görə təyin edilməsi gözlənilir. Hazırda bir çox xəstəliklər meydana çıxıb ki, köhnə əlillik dərəcələri onları əhatə etmir. Məsələn, onkoloji xəstəliklərin bəzi növlərində artım, bəzi növlərində isə azalma olur. Bunun dərəcələr üzrə müəyyənləşməsi nəzərdə tutulur”.

Hazırda Azərbaycanda əsas kimi götürülən əlilliklə bağlı meyarların sovet dövründən qaldığını vurğulayan deputat bildirib ki, artıq əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılır. “Dövlət başçısının fərmanı ilə yaradılan DOST Agentliyinin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə, əlillik sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə əsasən reallaşdırılan DOST layihəsi sosial xidmətlərin vahid platformadan, “bir pəncərə”dən təqdim edilməsini nəzərdə tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi innovativ yeniliklərin tətbiqi ilə bağlı iş aparır. Yeni meyarların hazırlanması çox mütərəqqi bir addımdır və müasir yanaşmadır” – İlham Məmmədov əlavə edib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında sovet dövründə müəyyən edilmiş standartları xatırladaraq deyib: “I qrup kateqoriyadan olan əlillərin daim köməyə ehtiyacı olduğu üçün onlara yardım edən şəxslərə də vəsait ayrılırdı. II qrup əlillər əmək qabiliyyətini qismən itirmiş şəxslərdir. Onlar işləyə də bilərlər, işləməyə də. İşləyərkən onlar yüngül əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. III qrup kateqoriya isə lap az əmək qabiliyyətinin itirilməsi ilə bağlıdır və bu kateqoriyaya aid əlillər adətən əmək fəaliyyəti ilə məşğuldur. Amma indi dünyada standartlar dəyişir”.

Həkimin sözlərinə görə, bu gün Azərbaycanda əlillik dərəcəsinin təyin edilməsi prosesi çox bərbaddır: “Təəssüf ki, bu sahədə rüşvət, yalandan əlillik dərəcəsinin verilməsi hallarına rast gəlinir. Əlilliyin təyin edilməsində Türkiyə təcrübəsini tətbiq etsək, daha yaxşı olar. Digər tərəfdən, əlillik dərəcəsini xəstəxana verməli və bunun məsuliyyətini daşımalıdır. Əlillik dərəcəsi xəstəxananın verdiyi sənəd əsasında həyata keçirilməlidir. Bu, bütün dünyada belədir. Bu işlə nə qədər çox qurum məşğul olsa, bir o qədər də korrupsiya, maraqlar, bürokratiya olur”.

Nazir Sahil Babayev bildirib ki, xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilməklə, xəstəliyin həyata təsir faizi ölçüləcək və əlillik dərəcəsi müəyyən olunacaq.

Xatırladaq ki, tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əlillik dərəcələrinin və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” əsasında müəyyən edilir.

Oxşar xəbərlər