Rayon maşınlarının Bakıya girişi qadağan edilir

Rayon maşınlarının Bakıya girişi qadağan edilir Baş Dövlət Yol Polisi İdarəsi UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar avtomobil sahiblərinə və sürücülərə müraciət edib.

İdarədən bildiriblər ki, carı il mayın 29-da Bakıda Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” futbol klublarının iştirakı ilə UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununa tamaşa etmək üçün xarici ölkələrdən paytaxtımıza gələcək çoxsaylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirilir.

Bununla əlaqədar Bakıda nəqliyyatın sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımıza carı il mayın 27-dən 30-dək olan müddətdə ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etməyi tövsiyə edirik. Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər.

“Xatırladırıq ki, Bakı şəhərinin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Paytaxta fərdi minik avtomobilləri ilə gəlmək məcburiyyətində qalan şəxslər avtomobillərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər. Eyni zamanda, paytaxt sakinlərindən həmin müddət ərzində fərdi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini, xüsusilə Bakının mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələrini tövsiyə edirik”, – deyə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub.

Oxşar xəbərlər