Soğan və kartof ucuzlaşdı — RƏSMİ AÇIQLAMA

Soğan və kartof ucuzlaşdı — RƏSMİ AÇIQLAMA Daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artıb və aprel ayının ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir.
Bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, artıq kartofun 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 0.79 manatdan, soğanın 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 1.09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1.00 manatdan, marketlərdə isə 1.29 manatdan başlayan qiymətlərlə təklif olunur. Bu isə, əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.
Bundan başqa mövsümlə bağlı bazara çıxarılan kartof, soğan və kələmin miqdarının artması ilə əlaqədar bu məhsulların daha da ucuzlaşacağı gözlənilir.

Oxşar xəbərlər