Maşın” şounun qurama olduğu ilə bağlı şok iddialar – Videolar (Açıqlama)

Maşın” şounun qurama olduğu ilə bağlı şok iddialar – Videolar (Açıqlama) “Maşın” şounun hər dəfə yeni buraxılışı efirdə yayımlandıqdan sonra veriliş barədə qalmaqallı ittihamlar irəli sürülür. O cümlədən bir qrup insan layihəni boş və mənasız adlandırsa da, proqramın kifayət qədər izləyicilərinin olduğu da bildirilir.

Minval.info xəbər verir ki, şounun rəsmi “İnstagram” hesabında paylaşımların rəy hissəsində sosial şəbəkə istifadəçiləri fikirlərini qeyd edərkən aparıcı Murad Dadaşovu istədiyi iştirakçını yarışmada saxladığını iddia edir. Onlar hesab edir ki, şouya reytinq gətirən, o cümlədən qalmaqallı məşhur simalar “M-Group Production” rəhbərinin səyi nəticəsində yarışmanın sonlarına qədər maşının ətrafında qalır.

Sosial şəbəkə istifadəçilərinin iddiası bir qədər həqiqətə yaxın görünür. Məsələn, ötən yarışmalardan birində müğənni Rauf Əhmədov ehtiraslı çıxış edərək səsvermədə iştirak edəcəyini və hədəfinin aktrisa Mehriban Xanlarova olacağını söylədi. Elə də oldu, amma səsvermənin nəticələri açıqlandıqdan sonra müğənni yerində vurnuxmağa başladı və o, gah M.Dadaşovdan xahiş etdi ki, yarışmadan özü getsin, gah da iki fərqli iştirakçının adını çəkdi. Lakin ilk dəfə idi ki, aparıcı ona xeyli vaxt verdi. Öz hərəkətləri ilə çıxılmaz vəziyyətdə qaldığını ifadə edən R.Əhmədov nəhayət qərarını verərək Zemfira Adıgözəlovanı oyundan kənarlaşdırdı.

İddialara görə, Murad Dadaşov ondan Mehriban Xanlarovanı çıxarmamağı istəyib. Onun özünü tədirgin vəziyyətə gətirən səbəbi də bu göstərilirdi.

Eləcə də ötən verilişlərdən birində aparıcı Aytən Səfərovanın səsvermədə səs yığacağı təqdirdə həmkarı Mətanət Əliverdiyevanı oyundan uzaqlaşdıracağını deməsi, amma sözünün üstündə durmaması ona qarşı böyük qəzəb formalaşdırdı. Hətta qəzəb dalğasına məşhurlar da qoşuldu. Aparıcının özü də onun ünvanına gələn tənqid və təhqirlərdən sonra qərarına görə tamaşaçılardan üzr istədi.

Qeyd edək ki, M.Əliverdiyeva özü yarışmadan kənarlaşdırıldıqdan sonra “ATV”də yayımlanan verilişlərdən birində şounu saxtakarlıqda ittiham edib.

Dünən isə səsverməyə çıxan vayner və aktyor Mənsur Şərif həmkarı Sərxan Kərəmoğlunu hədəfə aldığını bildirdi. Murad Dadaşov ona canlı efirdə dolayısıyla fikrini dəyişməyini məsləhət gördü. Amma M.Şərif sözünün üstündə dayandı və “buradan ya mən, ya da o, gedəcək” prinsipi ilə sona qədər davam etdi. Sonda səsvermənin nəticələri açıqlandı və vayner yarışmanı tərk etdi. Bunun ardınca şounun rəsmi “İnstagram” səhifəsində yenidən sosial istifadəçilər paylaşımların rəy hissəsində verilişin qurama olduğunu yazaraq layihəni ittiham etdi. Hətta Mənsur Şərifin oyundan ayrıldığı ana qədər iddiaları əsassız sayanlar belə, ittihamçıların sırasına qoşuldu. Eyni zamanda, rəy yazanların arasında verilişi saxtakarlıqda ittiham edənlərə etirazını bildirənlər də vardı.

Qeyd edək ki, şounun qalmaqallı iştirakçılardan hesab olunan şairə Nazilə Səfərlinin maşının üzərindən əlini çəkdiyini əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

İddialarla bağlı “M-Group” Prodakşnın mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli ilə əlaqə saxladıq. O saytımıza açıqlamasında deyilənlərin əsassız olduğunu bildirib:

“Əvvəla, reytinq gətirən iştirakçı saxlayırıq deyəndə ki, Xose Bernardo məgər belə məşhurlardan idi, verilişdə qaldı?! Kimin gedib, ya qalacağını səs verənlər təyin edir. Dünən hamı əmindi ki, Mənsur Şərif səs toplayacaq, amma 700 min izləyicisi olsa da, bu, belə olmadı. Biz nə edə bilərik? Dünən Murad Dadaşov ona seçimini dəyiş demədi, sadəcə, şounun qaydalarını xatırlatdı ki, yəni bu, oyundur. Qərarı dəyişsə, heç kim ona bir söz deyə bilməz. Nazilə Səfərlinin əlini maşından çəkməsinə gəlincə, yenicə “Qalsın” toplayaraq şouda qalmağın həyacanını yaşayan iştirakçının 2 dəqiqə keçmədən, maşına yaxınlaşdığı görüntüdür. O, hələ səs verənlərə təşəkkür edib qurtarmayıb axı əlini avtomobilin üzərinə qoysun. Qaldı ki, Mətanət Əliverdiyevanın ittihamına, onu deyə bilərəm ki, kim şoudan acıqlı gedir, günahkar axtarır”.

Müəllif: Samir Mirzə

Minval.info yazıda qeyd olunan iddialara dair görüntüləri təqdim edir:

Nazilə Səfərlinin maşının üzərindən əlini çəkməsi iddiası



Murad Dadaşov Mənsur Şərifə hədəfini dəyişməyin qaydalara zidd olmadığını və strateji əhəmiyyətini xatırladır



Ötən verilişlərdən birində müğənni Rauf Əhmədovun emosianal çıxışı və ardınca seçimini dəyişməsi





Aparıcı Aytən Səfərovanın səs toplayacağı təqdirdə həmkarı Mətanət Əliverdiyavnı verilişdən uzaqlaşdıracağını elan etməsi, amma bu qərarından vaz keçməsi və tamaşaçıların tənqid, o cümlədən təhqirlərindən sonra üzr istəməsi





Aparıcı Mətanət Əliverdiyevanın şounu saxtakarlıqda ittiham etməsi


Oxşar xəbərlər