Orucun insana faydaları və oruc haqqında bilmədiklərimiz

Orucun insana faydaları və oruc haqqında bilmədiklərimiz Bu gün müqəddəs Ramazan ayının ilk günüdür. Ramazan ayı İslam aləmində 11 ayın Sultanı kimi tanınır. Bu ayla bağlı bir çox məqamlar var. Dinimizə görə Müqəddəs Kitabımız məhz bu ayda endirilib. Bundan başqa 1 ay boyunca mömin müsəlmanlar oruc tutur, Allaha dua edirlər. Bəs orucun insan orqanizminə və ruhuna nə faydaları var? Orucluq haqqında hansı məqamları bilmirik?
Bu barədə tanınmış ilahiyyatçı İsmayıl Əhməd geniş məlumat verib. Bu məlumatı oxucularımızla bölüşürük.

Oruc İslamın əsaslarından biridir. Müsəlman, yetkin, ağıllı və sağlam olan hər kəsə vacibdir. Vacib olan oruc dedikdə əsasən ildə bir dəfə gələn Ramazan ayı orucu nəzərdə tutulur.

Oruc ibadət qəsdiylə sahurdan (obaşdanlıqdan) axşama qədər yeməyi, içməyi, cinsi əlaqəni və şəriət kitablarında qeyd olunan digər şeyləri tərk etməklə tutulur.

Peyğəmbərimiz (s): “Orucun savabı Allahdan başqa kimsənin saya bilməyəcəyi qədər böyükdür”. “Oruc tutanın ağız qoxusu Allah üçün müşkdən daha gözəldir”. “Oruc atəşdən qoruyan bir qalxandır”.

“Oruclu duası geri çevrilməyən üç dəstədən biridir”.

“Ramazan orucunu, - dünya ilə əlaqədar faydalardan ötəri deyil - yalnız Allah üçün tutanın keçmiş günahları bağışlanar”.
Oruc insanın mənəviyyatını gücləndirir və insanı mələklərdən uca edir. Heyvani duyğularını bağlayır. Nəfsinin daşqınlığını önləyir. İnsanı pis xəyallardan, günaha aludə olmaqdan qurtarır, ona Rəbbini xatırladır. Acdıqca Onun verdiyi nemətlərin qədrini bilməyi öyrədir. Aç və möhtacların halını xatırladır.

Oruc insana səbri öyrədir. Bədənini sakitləşdirir, səhhətini yaxşılaşdırır, psixologiyasını və sinirlərini normallaşdırır. İnsana sırf mədəsi üçün yaradılmadığını xatırladır.
Allah: “Oruc mənim üçündür, onun mükafatını da mən verərəm” - deyə buyurur. Deməli, digər faydaların hamısı bir tərəfə, oruc Allahın razılığını qazandırır. Qurani-Kərimdə də orucun vacib edilməsinin hikməti olaraq onun insanı təqvaya çatdırdığı qeyd edilib. (Bəqərə, 183).

İnsanların və cinlərin nə üçün yaradıldıqlarını şəxsən Allah belə bildirir: “Ona ibadət etsinlər, yəni Onu tanısınlar deyə” (Zariyat, 56). Ancaq məhdud bir ağılla sərhədsiz bir varlığın tanınması çətin, hətta haqqıyla tanınması qeyri-mümkün olduğundan necə tanıyacağımızı və necə qulluq edəcəyimizi də bizə yenə O öyrətmiş və qulluqla əlaqədar bəzi hərəkətləri zəruri (vacib) etmişdir. Yəni Allahı tanımağın və Ona qulluğun minimum şərti bu zəruri ibadətlərdir. Oruc da bu ibadətlərdən biridir. Peyğəmbər (s) sözlərində bu əsas ibadətləri bir yerdə xatırlayır və buyurur ki: “İslam beş şey üzrə qurulub: Allahı bir bilmək (tövhid), namazı dürüst qılmaq, zəkatı vermək, Ramazan orucunu tutmaq və həccə getmək”. Təkbaşına bu hədis belə orucun vacib olduğunu bildirməyə yetər. Ancaq bundan əvvəl Qurani-Kərim də orucun inananlar üçün bir fərz olduğunu vurğulayaraq bildirmişdir: “Ey möminlər! Oruc, sizdən əvvəlkilərə vacib olduğu kimi, sizə də vacib qılınmışdır ki, bəlkə təqvalı olasınız” (Bəqərə, 183). Daha əvvəlki səmavi dinlərdə də oruc olduğu üçün Allahın Rəsulu (s) orucu bilirdi və Mədinəyə hicrət etməzdən əvvəl bəzi hallarda oruc tuturdu.

Peyğəmbər (s) hicrətdən sonra, ikinci il məhərrəmin onunda, yetkinlik yaşına çatmış bütün müsəlmanlara oruc tutdurmuşdur. Orucun vacib olması böyük Bədr müharibəsindən bir ay və bir neçə gün əvvələ təsadüf edir. Bədr müharibəsi isə eyni il Ramazanın on yeddinci - cümə günü baş vermişdir. Buna görə Ramazan orucunun vacib olması şaban ayı içərisində olmuş olur. (Süyuti, əd-Dürrül-mənsur, c. I, səh. 176). Peyğəmbərimiz (s) doqquz il Ramazan ayı orucunu tutduqdan sonra vəfat edir.

Ramazan orucundan başqa vacib, müstəhəb, nafilə, məkruh və haram olan oruclar da vardır. Vacib olduğu Quran və sünnənin qəti dəlilləriylə sabit olduğu üçün orucu inkar etmək küfrdür və insanı dindən çıxarır. Onu yüngül saymaq və ona lağ etməyin də hökmü eynidir. Hətta inanmaqla birlikdə, ibadətləri etməmək insanı dindən çıxarmasa belə, hər kəsin görəcəyi yerlərdə açıqca oruc yeməyin, orucu yüngül saymaq mənasını verəcəyindən, küfr olduğunu söyləyənlər də vardır. Üzrsüz olaraq pozulan bir gündəlik Ramazan orucunun əldən verilən savabı, bütün zaman müddətini orucla keçirməklə də qarşılana bilməz.

Orucun faydaları

Burada çox əhəmiyyətli bir nöqtəyə işarə etmək məcburiyyətindəyik. Orucun əsas hikməti - digər ibadətlərdə olduğu kimi - hər şeydən əvvəl Allah tərəfindən əmr edilməsidir. Buna görə oruc ağlımızın qavrayacağı “filan faydalardan ötəri vacib edilmişdir” demək çox səhv olardı. Buna görə orucun xəstəliyi, ya da ən böyük hikməti vacib olduğunu bildirən ayədə göstərilən hədəf olmalıdır. “Allahdan çəkinəsiniz, yəni təqva sahibi olasınız deyə...” (Bəqərə, 183). Eyni ayənin “Ey iman edənlər...” xitabı ilə başlaması da orucun maddi fayda və hikmətlərindən ötəri deyil, ancaq imandan ötəri tutula biləcəyini göstərir. Müasir tibb elminin orucun bəzi faydalarını təsbit etməsinə baxmayaraq müsəlman olmayanların heç biri müsəlmanlar kimi oruc tutmur. Peyğəmbər (s) də məqbul olan orucu iman və ihtisab (yalnız Allah üçün etmə) şərtinə bağlamışdır.

Orucun dərəcələri

Bunu da bilmək lazımdır ki, orucun müxtəlif dərəcələri vardır. Alimlər hədisi-şəriflərə istinadən orucun üç əsas dərəcəsi olduğunu qeyd etmişlər: a) Saumul-umum (ümumi orucluq), b) Saumul-xusus (xüsusi orucluq) və c) Saumu xususul-xusus (son dərəcə xüsusi orucluq).
Ümumi orucluq insanın mədəsini yeyib-içməkdən və cinsiyyət üzvlərini isə ehtiraslardan qorumasıdır.
Xüsusi orucluq insanın qulağını, dilini, əlini, ayağını və digər bədən üzvlərini günahdan qorumasıdır.
Son dərəcə xüsusi orucluq isə insanın qəlbini və fikirlərini bütün dünyəvi hisslərdən uzaq tutub yalnız Allaha tərəf istiqamətləndirməsidir. Xatırladaq ki, orucun bu dərəcəsi peyğəmbərlərə, imamlara və siddiqlərə məxsusdur. Bu növ orucun daxili mənasını açmaq, onu təhlil etmək sadə insanların idrakı xaricindədir. Bunu yalnız onların özləri bilir. Lakin buna baxmayaraq onun praktiki tərəflərini açmaq mümkündür.

Xüsusi orucun dərəcələri

Bu da yuxarıda qeyd etdiyimiz kimi, bədən üzvlərini günahlardan qorumaqla mümkün olur. Bu özünü aşağıdakı əməllərdə göstərir.

1. Gözü haramdan qorumaqla. Peyğəmbərimiz (s) buyurur: “Naməhrəmə baxmaq şeytanın atdığı zəhərli oxlardandır. Hər kəs onu tərk etsə, Allah ona qəlbində imanın şirinliyini daddırar”.
- Dili qeybət, boş-boş sözlər, satqınlıq, söyüş və bu kimi şeylərdən qorumaq. Necə ki, Peyğəmbərimiz (s): “Oruc olduğunuz halda söyüş söyməyin, nadanlıq etməyin” -deyə buyurmuşdur.

2. Qulağı bütün kərahətli (bəyənilməyən) söhbətlərin üzünə bağlamaq. Çünki haram və xoşagəlməz söhbətlər insanın başını elə qarışdırır ki, nəticədə insan Allahın zikrindən yayınır. Necə ki, Quran qeybətə qulaq asanları “Qeybət edənin özü kimi” təbir etmişdir.
- Digər orqanları günahlardan qorumaq. Çünki insan haramın ardınca getdikdə, əli ilə bir günahı işlətdikdə və qarnını iftar vaxtı haramla doldurduqda orucun həqiqi mənasını itirmiş olacaq. Orucun əsl mənası insanın özünü haramlardan qorumasıdır. Peyğəmbər (s) buyurmuşdur: “Bir çox oruc tutanlar vardır ki, onlara qalan yalnız ac-susuz olmalarıdır”.

3. Günorta vaxtı aclıq və susuzluğu hiss etməməsi üçün çox yatmaq.
- Qədr gecəsini xüsusi həvəslə gözləmək və ona yetişən zaman səhərədək oyaq qalıb dua və istiğfarla məşğul olmaq.
Əhnəf ibn Qeys bir qoca kişini gördüyü zaman ona dedi: “Ey qoca, oruc tutmaq səni əldən salıb zəiflədər”. Qoca dedi: “Mən uzaq bir səfərə hazırlaşıram. Allahın buyuruqlarına səbir etmək onun əzabına səbir etməkdən daha yaxşıdır”.

4. Beləliklə, orucluğun Allah tərəfindən insanlara vacib edildiyini dərk edərək və bu əməlin Cəhənnəm odu qarşısında bir sipər rolu oynadığını bilərək mübarək Ramazan ayının orucunu tutmaq üçün Allahdan xalqımıza yardımlar diləyirəm. Sözümün sonunu isə Peyğəmbərimizin (s): “Oruc Allahın əmanətidir, onu qoruyun” hədisi ilə sona çatdırıram.

Oxşar xəbərlər