Quba Dövlət Sosial-İqtisadi Kollecini kim idarə edir?

Quba Dövlət Sosial-İqtisadi Kollecini kim idarə edir? Quba Dövlət Sosial-İqtisadi Kollecinin rəhbərliyinə gənc və bacarıqlı kadr gətirilməlidir

68 yaşlı direktorun vəzifədə saxlanmasına nə ehtiyac var?
20 ildir direktor işləyən Laçın Səfərəliyev işinin öhdəsindənlayiqincə gələ bilmir, bu azmış kimi, mətbuata təzyiq də göstərir.

Prezidentin tapşırıqlarına uyğun olaraq son illər korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri xeyli gücləndirilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən ayrı-ayrı dövlət idarələrində, o cümlədən özəl müəssisələrdə həyata keçirilən əməliyyatlar nəticəsində korrupsiya hüquq pozmalarına yol verən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Bir çoxlarına bəllidir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları orta ixtisas təhsili müəssisələrində daha geniş əməliyyatlar aparır. Buna səbəb isə bəzi kolleclərdə rüşvət və korrupsiyanın açıq-aşkar şəkildə cərəyan etməsidir.
İdarənin yetkili şəxsləri bu günə kimi bir neçə kollec direktorunu və vəzifəli şəxsi korrupsiya əməlinə qurşandığına görə həbs edib. Lakin həyata keçirilən tədbirlərə baxmayaraq, bəzi orta ixtisas təhsili müəssisələrində neqativ hadisələr bitib-tükənmək bilmir. Məsələn, Quba Dövlət Sosial-İqtisadi Kollecində təhsilin səviyyəsi hələ də günün tələblərinə cavab vermir. Direktor Laçın Səfərəliyevin özbaşına əməlləri kollecdə təhsilin keyfiyyətinin aşağı düşməsi ilə nəticələnib. Məlumat üçün bildirək ki, Quba Dövlət Sosial-İqtisadi Kollecində texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Daha doğrusu, sadalanan ixtisaslar üzrə kadrlar hazırlanmalıdır. Təəssüf ki, direktorun və şöbə müdirlərinin qanunla uzlaşmayan hərəkətləri kollecdə savadlı kadrların yetişməsinə imkan vermir. Bu barədə bildiyi informasiyanı bizimlə bölüşən mənbənin sözlərinə görə, Quba Dövlət Sosial-İqtisadi Kollecində təhsil məhv olmaq təhlükəsi ilə üzləşib: "1948-ci il təvəllüdlü Laçın müəllim əslən qubalı olsa da, kollecdə təhsil alan tələbələrin peşəkar kadr kimi cəmiyyətə təqdim olunmasında maraqlı deyil. 1996-cı ildən, yəni Laçın Səfərəliyev kollecə direktor təyin edilən gündən indiyə kimi təhsil müəssisəsində işlər qaydasında getmir. Nə müəllim-tələbə münasibətləri qaydasındadır, nə də digər məsələlər.
Direktor 20 illik fəaliyyəti dövründə saysız-hesabsız qanun pozuntularına imza atıb, yüzlərlə tələbənin haqqını tapdalayıb. Kollecdə mövcud olan ab-hava, tədris şəraiti tələbələrin, eləcə də bir qrup müəllimin ürəyincə deyil. Hansı ki, həmin müəllimlər həmişə direktorun qeyri-qanuni hərəkətlərini tənqid edib ondan qanunsuz fəaliyyətinə son qoymasını istəyiblər. Direktora yaxınlığı ilə seçilən şöbə müdirləri və müəllimlər isə mövcud olan neqativ məqamlara göz yumurlar. Son 19 ildə Quba Dövlət Sosial-İqtisadi Kollecinin cari təmir işlərinə külli miqdarda büdcə vəsaiti ayrılıb, tələbələrdən müxtəlif adlar altında pul yığılıb, texniki işçilərin ştat cədvəlində ciddi qanunsuzluqlara yol verilib və sair. Amma Laçın Səfərəliyevə heç bir irad tutulmayıb. Kollec respublika üçün orta ixtisaslı mütəxəssis kadrlar hazırlaya bilmir. Direktor şəxsi maraqlarını hər şeydən üstün tutur. O kollecdə təhsil alan tələbələrin savadlı yetişməsi üçün çaba sərf etmir. 68 yaşlı direktoru maraqlandıran əsas məsələ imtahan sessiyaları, o cümlədən tələbələrin dərsə davamiyyətinin aşağı olmasıdır. Tələbələrin dərsə gəlməməsi direktora artıqlaması ilə sərf edir. Belə olan halda tələbələrə qaib yazılır, semestrin sonunda isə həmin tələbələr direktordan asılı vəziyyətə düşürlər. Kollec rəhbəri nəyi deyirsə, qaib limitini keçən tələbələr onu verməyə razı olur”. Verilən məlumata əsasən, imtahanların götürülmə qaydası da sadədir: "Belə ki, semestr ərzində bir dəfə də olsun dərsə cavab verməyən, mühazirələri yazmayan tələbələr imtahan vaxtı heç bir çətinliklə üzləşmir. Tələbələrin demək olar ki, böyük əksəriyyəti şöbə müdirlərinin irəli sürdüyü "şərtləri” etiraz etmədən qəbul edir və bunun sayəsində imtahandan keçirlər”.
Xatırladaq ki, qəzetimizin keçən saylarından birində kollecdə cərəyan edən qanunsuz işlərdən söz açaraq Laçın Səfərəliyevin səbəb olduğu fəsadlar haqqında məlumat vermişdik. Deyəsən, yazdığımız faktlar Quba Dövlət Sosial-İqtisadi Kollecinin rəhbər şəxslərini bərk narahat edib. Hətta 050 498 29 02 nömrəsindən redaksiyalara zəng edərək, özünü kollecin mətbuat xidmətinin rəhbəri adlandıran Zamiq adlı şəxs jurnalistləri məhkəmə ilə hədələməkdən belə çəkinmir. Birincisi, bizim bildiyimiz qədərilə orta ixtisas təhsili müəssisələrində "mətbuat xidməti” ştatı yoxdur. Yəqin bu, Laçın Səfərəliyevin yeni "icadıdır”. İkincisi, biz müstəqil mətbuat orqanıyıq, direktorla bağlı yazdığımız məqalədə isə şər-böhtandan söhbət belə gedə bilməz. Biz yazmışıq ki, Laçın Səfərəliyevin 68 yaşı olsa da, hələ də vəzifədədir. Üstəlik, o 20 ildir eyni vəzifədə oturub. Bəlkə səhv yazmışıq? Məgər, ondan başqa kollecin direktoru vəzifəsini icra edə biləcək şəxs yoxdur? Biz də bilirik ki, zəruri hallarda yaşı ötən işçilərin müqavilə əsasında vaxtını uzatmaq olar. Təhsil Nazirliyi müəllimlərlə bağlı belə bir qərar qəbul edib. Qərara əsasən yaş həddi çatan pedaqoqlar məcburi şəkildə pensiyaya göndərilmirlər. Çünki onların məcburi qaydada işdən uzaqlaşdırılması məktəblərdə müəllim çatışmazlığının yaranmasına səbəb olur. Amma belə bir istisnanın Laçın Səfərəliyevə heç bir aidiyyəti yoxdur. O pensiya yaşını iki ildir keçib. Hörmətli təhsil naziri Mikayıl Cabbarov qeyd olunan məsələyə xüsusi diqqət ayırmalıdır. Digər tərəfdən, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov da kollec rəhbərinin fəaliyyətini nəzarət altında saxlamalıdır. Olmaya birdən Laçın Səfərəliyevə və rayondakı digər idarələrin rəhbər şəxslərinə mətbuata təzyiq göstərmələrini Yaşar müəllim tapşırıb…
Yazı ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.

Oxşar xəbərlər