TQDK: Məktəb rəhbərləri bu vəziyyətə göz yumurlar

TQDK: Məktəb rəhbərləri bu vəziyyətə göz yumurlar “Qoyulan məhdudiyyət belələrinin müsabiqədə iştirakına imkan vermir”

Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin, əsasən, seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə heç olmasa, proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur.

Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidir.

M.Abbaszadə TQDK-nın şagird və abituriyentlərin nəinki imtahan fənlərinə, həmçinin ümumtəhsil məktəblərində tədris olunan bütün fənlərə lazımi diqqət göstərməsinin tərəfdarı olduğunu açıqlayıb:

"Komissiya imtahan fənlərinə nisbi bal məhdudiyyəti qoymaqla gənclərdə bütün imtahan fənlərinə ciddi münasibət formalaşdırmağa çalışır".

M.Abbaszadə əlavə edib ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 40.2%-i imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib:

“Təbii ki, belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olub. Nəticədə düzgün cavabların yanlış cavablar nəzərə alınmaqla təshih edilmiş qiyməti sıfırdan kiçik alınıb və qəbul qaydalarına əsasən sıfıra bərabər qəbul olunub. Təəssüf ki, gənclər arasında birtərəfli hazırlıqla ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olanlar hələ də var. İmtahan fənlərinə qoyulan məhdudiyyət belələrinin müsabiqədə iştirakına imkan vermir”.

Oxşar xəbərlər