Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Tahir Yaqub oğlu Budaqovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.T.Budaqovun dosyesini təqdim edirik:
Tahir Budaqov 1965-ci ildə Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.
1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.
3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olub. "SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir. 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilib.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. Həmin gün YAP Sədrinin qərarı ilə YAP Sədrinin Müavini və YAP Mərkəz Aparatının rəhbəri təyin olunub.
2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
O, Dövlət başçısının bu gün imzaladığı sərəncamla Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.
Evlidir, 3 övladı var.