Son günlər “Qarabağ”ın iki futbolçusunun klubdan ayrılacağı bildirilir.Söhbət Bəhlul Mustafazadə və Nəriman Axundzadədən gedir.
“Atlılar”ın müdafiəçisi haqqında ilk məlumat “Ayntraxt”la qarşılaşmadan sonra ortaya çıxdı.
Onun Çin klubu ilə anlaşdığı, “Nyukasl”la matçdan sonra gedəcəyi qeyd edildi.
Daha sonra isə Asiya komandasının ingilislərlə oyunu gözləmək istəmədiyi barədə xəbərlər yayıldı. Bununla da keçidin baş tutmayacağı söylənildi.
Nəriman Axundzadəyə gəldikdə isə bir neçə gündür ki, hücumçunun “Qarabağ”dan gedəcəyinin qətiləşdiyi deyilir. Yada salaq ki, bundan öncə də onun Ağdam təmsilçisinin heyətindən ayrılacağı ilə bağlı məlumatlar yayılmışdı. Belə ki, azarkeşlərin təzyiqinin artdığı ərəfədə Nərimanın getməsi ilə bağlı baş məşqçisi Qurban Qurbanovla da danışdığı bildirilmişdi.
Azərbaycan kuboku uğrunda “Şamaxı” ilə mübarizədə Axundzadənin “23-lüy”ə salınmaması isə bu barədə müzakirələri artırmışdı. Lakin onun stadiondan oyunu izlədiyi bildirildi. O cümlədən Çempionlar Liqasında “Nyukasl”la qarşılaşacaq “Qarabağ”ın heyətində yer aldı. Buna baxmayaraq artıq bir neçə idman saytı onun hansı Amerika klubu ilə anlaşdığını yazıb.
Sözügedən transferlərin baş tutub-tutmayacağını zaman göstərəcək.