Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!

Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR! Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar qərəzli bəyanatla çıxış edib. O, Azərbaycanın mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb. Avropa Birliyinin nümayəndəsi Ermənistandan işğal etdiyi Azərbaycan kəndlərindən çəkilməyi tələb etmək əvəzinə, həmin əraziləri “mübahisəli” adlandıraraq faktiki olaraq İrəvanı işğalçı siyasətini davam etdirməyə çağırıb. Halbuki erməni mediası işğal altında saxlanılan Qazaxın 7 kəndinin geri qaytarılmaması üçün təxribatçı təbliğatını aktiv şəkildə davam etdirir. Erməni mediası yerli sakinləri də qızışdıraraq, onların “silahlı müqavimət göstərəcəyini” bildirir və Azərbaycanı hədələməklə məşğul olur. Hətta “Döyüş qardaşlığı” və ya “Milli Demokratik Qütb” adlı təşkilatların İrəvanda və Qazaxın işğal altındakı kəndlərində faktiki terror fəaliyyətlərini müdafiə edir. Ermənistanda polis bölməsinə bomba ilə hücum edənlərə misilsiz informasiya dəstəyi göstərən, onların həbsinə qarşı çıxan da erməni mediasıdır. Ona görə də Klaarın statusu həddindən artıq ermənicanlıdır. Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib ki, Toivo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür. Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur. A.Hacızadə qeyd edib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsi həm diplomatik, həm də siyasi səciyyəli vəzifədir. Ekspertin sözlərinə görə, belə bir yüksək məsuliyyətli posta təsadüfi adamlar, diletantlar təyin edilməməlidir:

"Lakin görünən budur ki, Avropa İttifaqının başbilənləri sözügedən vəzifəyə tamamilə təsadüfi bir adamı təyin ediblər. Aİ-nin Cənubi Qafqaz üzrə hazırkı xüsusi nümayəndəsi Toivo Klaar birmənalı olaraq diplomatiyadan, geosiyasətdən bixəbər bir avroçinovnikdir. Klaar növbəti dəfə qərəzli bəyanatla çıxış edərək Ermənistanın qeyri-konstruktiv siyasəti ilə bağlı yazılar dərc edən, şərhlər verən Azərbaycan mətbuatını ittiham edib. O, Azərbaycanın bir sıra kəndlərinin Ermənistan tərəfindən hələ də işğal altında saxlanması faktını qınamaq əvəzinə, bunu “ərazi mübahisəsi” kimi qiymətləndirib. Bu da onu göstərir ki, Klaar da əksər avroparlamentarilər, avrobürokratlar kimi erməni lobbisi tərəfindən satın alınıb. Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin özünü "Ermənistan üzrə xüsusi nümayəndə" kimi aparması absurddur. Aİ rəsmisinin ümumiyyətlə, Azərbaycan mediasına yol göstərmək ixtiyarı yoxdur. T.Klaarın Azərbaycan mətbuatına qarşı senzura mövqeyindən çıxış etməsi qəbuledilməzdir".

Oxşar xəbərlər