Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir

Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb..
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətidir.
Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bunu Xocalı faciəsindən təqribən ay yarım sonra aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı qabaqcadan hazırlanmış plan əsasında həyata keçirilmiş kütləvi qırğın aktında xüsusi amansızlıqla, içərisində uşaqlar, qadınlar və qocalar olmaqla, 67 nəfər dinc sakinin qətlə yetirilməsi, onlarla şəxsin girov götürülməsi, itkin düşməsi, kəndin tamamilə yandırılması da sübut edir. Bu tədbirlərin davamı kimi 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində daha bir amansız cinayət - Ballıqaya qətliamı törədilib. Nəticədə 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib, onların arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq isə hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb.

Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.
Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə


Oxşar xəbərlər