Milli valyuta ilə bağlı qərar verildi

Milli valyuta ilə bağlı qərar verildi Nazirlər Kabineti “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”ı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun hazırlanıb və valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları və bununla bağlı indikatorları müəyyən edir, fiziki və hüquqi şəxslərin valyuta sərvətlərini və milli valyutanı ölkənin gömrük ərazisinə gətirməsi, bu ərazidən aparması və tranzit keçirməsi zamanı tətbiq olunur.

Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında gömrük orqanları onların mənbəyi və istifadə məqsədi barədə məlumat və sənədləri, o cümlədən bu Qaydalara əlavə edilmiş “Valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi forması”nın doldurulmasını tələb edir.

Gömrük orqanları valyuta sərvətləri və milli valyutanın bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında onların mənbəyini və istifadə məqsədini müəyyənləşdirir.

Gömrük orqanları aşağıdakı hallarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair Gömrük Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq protokol tərtib edir və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar qəbul edilir.

- fakt üzrə inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında;

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətləri aşkar edildikdə.

Oxşar xəbərlər