Azərbaycanda kredit faizləri artacaq, manat isə... - AÇIQLAMA

Azərbaycanda kredit faizləri artacaq, manat isə... - AÇIQLAMA Mərkəzi Bankın İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilib və bəzi ehtiyat normalarlı artırılıb.

Banklar tərəfindən yeni normalar cari ilin dekabrın 15-dən etibarən tətbiq olunmalıdır.

İqtisadçı ekspert Xalid Kərimli ehtiyat normalarına tətbiq olunan dəyişikliklərin yerli iqtisadiyyata təsirlərini “Ölkə.Az”a şərh edib. O bildirib ki, sözügedən diferensiallaşma hüquqi şəxslərin depozitləri və banka aidiyyəti olan şəxslərin depozitlərinin payı ilə bağlıdır: “Azərbaycanda fəaliyyət göstərən bir neçə bankın tənzimləmənin təsir dairəsinə düşmə ehtimalı var”.

Məcburi ehtiyat normasının diferensiallaşdırılmasına gəlincə, ekspert deyir ki, banklar bu depozitləri cəlb edən zaman hamısını bazarlarda yerləşdirə bilmirlər və bu zaman məcburi ehtiyat norması Mərkəzi Bankdakı cari hesabda saxlanılmalıdır.

X.Kərimli normanın artırılmasının inflyasiyanı azaldacağını, manatın dəyəri və kredit faizlərini isə artıracağını deyib:

“Ehtiyat normasının artırılması inflyasiyanı aşağı endirən amildir. Çünki bu, dövriyyədə pul kütləsinin azalmasına istiqamətlənir. Gələn il ölkəmizdə inflyasiya dərəcəsi Mərkəzi Bankın tənzimləmə tədbirləri və qlobal inflyasiyanın aşağı düşməsi səbəbindən 6%-dən aşağı olacaq.

Normanın artırılması milli valyutanın dəyərinə isə artırıcı təsir göstərir. Lakin Azərbaycan manatı sabit məzənnə rejimində olduğu üçün onun dəyərinə hər hansı təsir gözlənilmir.

Ehtiyat normalarının artırılması kredit faizlərini isə artırır. Kredit faizlərinin tədricən artması gözlənilir ki, bu proses də artıq başlayıb”, - deyə ekspert əlavə edib.

Oxşar xəbərlər