Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir

Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir
2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Cari ilin oktyabrın 2-də Bakı Konqres Mərkəzində Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirin açılış mərasimində iştirak ediblər. Bunu da vurğulamaq yerinə düşərdi ki, paytaxtımız düz yarım əsr öncə eyniadlı konqresə ev sahibliyi edib. Açılış mərasimində bu məqama da yer verilib və Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mouri 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin astronavtlarla çəkdirdiyi, kosmosda nümayiş edildikdən sonra geri gətirilən fotoşəkil və digər atributlardan ibarət xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib.
Oktyabrın 6-dək davam edəcək konqresin işində kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılıb. Beynəlxalq Astronavtika Konqresində 150 şirkət sərgi pavilyonunda təmsil olunur. Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.Konqresin rəsmi açılış mərasimindən sonra tədbir çərçivəsində nazirlərin və parlament üzvlərinin beynəlxalq görüşü, BMT və IAF-in birgə seminarı, Beynəlxalq Astronavtika Akademiyasının tədbirləri, Kosmik Nəsil Məşvərət Şurasının Konqresi, Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutun tədbirləri, Beynəlxalq Kosmik Təhsil Şurasının seminarı, həmçinin texniki sessiyalar təşkil olunacaq.Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub.Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov




Oxşar xəbərlər