Bakı Xankəndidə dövlətin iradəsini bərpa edir: İrəvan isə "canlı istehkam" barbarlığına başladı

Bakı Xankəndidə dövlətin iradəsini bərpa edir: İrəvan isə Belə anlaşılır ki, 35 il ərzində Ermənistanın işğalçılıq siyasətinin və "boz zona"dakı separatçı-terrorçuların maraqlarının girovuna çevrilmiş Qarabağın erməni azlığı indi də rəsmi İrəvana xüsusi mənfəətlər üçün lazımdır... Rəsmi İrəvan öz yaşayış yerlərini könüllü tərk etmiş erməniləri yenidən özəl maraqların girovuna çevirmək niyyətindədir, onları məqsədyönlü şəkildə Azərbaycanla sərhəd bölgələrinə yerləşdirməyə çalışırlar...
Cənubi Qafqazda bütün proseslər intensiv xarakter daşıyır. Hər şey sürətlə baş verir. Azərbaycan ordusu sürətlə lokal antiterror tədbirləri reallaşdırdı, 35 il ərzində mövcud olan erməni separatizmini və terrorizmini qısa müddətdə - cəmisi 24 saat ərzində bitirdi. Halbuki, Qərb siyasi dairələri problemin hərbi yolla həllinin mümkün olmadığı iddiaları ilə danışıqlar aparmağı tələb edirdilər. Yəni, Azərbaycana əbədi problem və heç vaxt sona çatmayacaq danışıqlar təklif edirdilər.

Ancaq artıq hər şey arxada qalıb. "Əbədi problem" həllini tapıb, danışıqlara da ehtiyac yoxdur. Azərbaycan ordusu danışıqlar aparmaq, problemləri həll etmək qabiliyyətini bütün dünyaya növbəti dəfə sübut edib. İndi bütün dünyanın bu reallıqla barışıb, mövcud situasiyaya uyğun davranması qaçılmazdır. Hətta rəsmi Bakı beynəlxalq müşahidə missiyalarının Azərbaycanın Xankəndi və ətraf bölgəsinə səfər edib, hər şeyi öz gözləri ilə görmələrinə də etiraz etmir, əksinə, buna özü şərait yaradır.

Bakı Xankəndidə dövlətin iradəsini bərpa edir: İrəvan isə "canlı istehkam" barbarlığına başladı


Azərbaycan dövlətinin bu mövqeyi tamamilə doğru yanaşmadır. Çünki rəsmi Bakının nələrisə gizlətməyə heç bir ehtiyacı yoxdur. Azərbaycan ordusunun lokal antiterror tədbirləri qısa müddətli olub, mülki əhaliyə zərər verilməyib, şəhərlərə, kəndlərə zərbə endirilməyib. Əksinə, bölgəni tərk edən ermənilər öz barbar xislətlərini gizlədə bilməyiblər, Xankəndini zibilləyiblər, bəzi kəndlərdə öz evlərini yandırmağa cəhd göstəriblər. Yəni, beynəlxalq müşahidəçilərin qeydə ala biləcəyi hər hansı mənfi situasiya mövcud deyil.

Ancaq ermənilər üçün bu qədər təlaşla tez-tələsik hərəkətə keçən beynəlxalq müşahidəçilər nədənsə, Azərbaycanın son 35 il ərzində dağıdılıb, yerlə-yeksan edilən şəhər və kəndlərini görmək istəmirlər. Əks halda, bu 35 il ərzində heç olmazsa, cəmisi bircə dəfə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edib, erməni vəhşiliklərinə də göz atardılar. Daşı-daş üstündə qalmayan yaşayış məntəqələrini də görərdilər.

Əslində, heç indi də gec deyil, BMT-nin müşahidə missiyasının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib, indi hüquqları barədə narahat olduqları ermənilərin necə barbarlıqlar törətdiyini də araşdırmaq elə bir problem yaratmaz. Sadəcə, beynəlxalq siyasi iradə mərkəzləri bunda maraqlı deyillər. Onları Azərbaycanın ermənilər tərəfindən dağıdılmış şəhərləri, kəndləri maraqlandırmır. Yurd yuvalarından zorakılıqla didərgin salınan, qaçarkən ermənilər tərəfindən atəşə tutulan, qəddarlığa, işgəncələrə məruz qalan Azərbaycanlıların taleyi onları qətiyyən düşündürmür. Və bu, insan hüquqlarından danışmağı sevən Qərbin "ədalət" standartlarıdır.

Hələlik bölgəyə BMT müşahidəçiləri gəliblər. Baş verənləri yerində araşdırmağa çalışırlar. Xankəndi və digər şəhərlər əvvəl necə idisə, indi də eləcə yerindədir. Heç bir yaşayış binasına, mülki obyektə zərbə endirilməyib. Çünki Azərbaycan ordusu mülki əhaliylə - qadınlarla, qocalarla, uşaqlarla savaşmır. Xankəndi və Qarabağın digər yaşayış məntəqələri Azərbaycana məxsusdur. Və orada yaşayanların milli-etnik mənsubiyyəti heç bir əhəmiyyət daşımır, Azərbaycan ordusu öz şəhərlərinə zərbə endirmir.

Bakı Xankəndidə dövlətin iradəsini bərpa edir: İrəvan isə "canlı istehkam" barbarlığına başladı


Bəli, Azərbaycan ordusu bütün dünyanı fakt qarşısında qoymağı, çətin vəziyyətə salmağı bacarıb. Dünyanın bir sıra nüfuzlu mətbuat qurumları könüllü şəkildə Azərbaycan ərazilərini tərk edən ermənilərlə danışsalar da heç bir zorakılıq faktına rast gələ bilməyiblər. Hətta BMT-nin qaçqınlarla bağlı komitəsinin rəsmi təmsilçisi, Azərbaycan tərəfindən ermənilərə qarşı beynəlxalq hüquq normalarına zidd davranış hallarının törədilməsini təsdiq edəcək faktların qeydə alınmadığını açıq şəkildə etiraf etməli olub.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycana reinteqrasiya şərtləri Qarabağın erməni azlığına elan olunub. Həmin şərtləri qəbul edən hər bir dinc erməni sakin Azərbaycanda qalıb, yaşaya bilər. Şərtlər isə beynəlxalq hüquq normalarına uyğun olmaqla yanaşı, qətiyyən ağır deyil. Sadəcə, Azərbaycan Konstitusiyasının tələblərinə uyğun şəkildə vətəndaşlıq üçün müraciət etmək lazımdır. Azərbaycan qanunları çərçivəsində yaşamağı qəbul etmək vacibdir. Və bu, bütün normal dövlətlərdə mövcud olan vətəndaşlıq normalarıdır.

Azərbaycan dövləti artıq Xankəndi şəhərindədir. Rəsmi Bakı bu şəhərdə və ətraf bölgədə Azərbaycan Konstitusiyasının fəaliyyətini bərpa edib. Hazırda Azərbaycanın dövlət orqanlarının Xankəndi və ətraf bölgədə strukturlaşdlrılması prosesinə start verilib. Azərbaycan Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xankəndi şəhərində fəaliyyətə başlayıb. Azərbaycan Konstitusiyası çərçivəsində yaşamaq istəyən erməni sakinlərin rəsmi qeydiyyatı aparılır. Və bu, reinteqrasiya prosesinin qaçılmaz olduğunu göstərir.

Bakı Xankəndidə dövlətin iradəsini bərpa edir: İrəvan isə "canlı istehkam" barbarlığına başladı


Böyük ehtimalla Azərbaycan ərazisini könüllü olaraq, tərk edən erməni sakinlərin müəyyən qismi də yaxın vaxtlarda geri dönməyə başlayacaqlar. Çünki bir tərəfdən rəsmi Bakı bunun üçün lazım olan bütün şəraiti yaradır. Digər tərəfdən isə bəzi məlumatlara görə, Ermənistana gedənlər rəsmi İrəvanın davranışlarından artır narazı olduqlarını da gizlətmirlər. Onlara heç bir yaşayış imkanları təklif olunmur. Sadəcə, qeydiyyat aparılır və taleyin ümidinə buraxılır.

Bunun əvəzində rəsmi İrəvan Qarabağdan Ermənistana gedən ermənilərin sayını süni şəkildə şişirdərək, onların sayəsində beynəlxalq qurumlarından maliyyə vəsaiti qoparmağa cəhd göstərir. Yəni, Ermənistan faktiki olaraq, beynəlxalq səviyyədə dilənçiliklə məğlub olmaqdadır. Bu baxımdan, Ermənistan mətbuatının və siyasi dairələrinin Qarabağda yaşayan ermənilər arasında xof yaradaraq, onları bölgəni tərk etməyə sövq etməsinin əsl səbəblərindən bəziləri indi aydınlaşmağa başlayıb.

Belə anlaşılır ki, 35 il ərzində Ermənistanın işğalçılıq siyasətinin və "boz zona"dakı separatçı-terrorçuların maraqlarının girovuna çevrilmiş Qarabağın erməni azlığı indi də rəsmi İrəvana xüsusi mənfəət üçün lazımdır. Rəsmi İrəvan öz yaşayış yerlərini könüllü tərk etmiş erməniləri yenidən özəl maraqların girovuna çevirmək niyyətindədir. Bəzi məlumatlara görə, rəsmi İrəvan hətta onları Azərbaycanla sərhəd bölgələrinə yerləşdirməyə çalışır. Yəni, Ermənistan Qarabağdan gedənlərdən "canlı istehkam" kimi istifadə etmək niyyətindədir. Və bu, Ermənistan siyasətinin "barbarlıq" səviyyəsini göstərir.(musavat.com)

Oxşar xəbərlər