Rusiya bir aydır ki, Laçın şəhərini virtual “işğal”da saxlayır - Rəsmi reaksiya yoxdur...

Rusiya bir aydır ki, Laçın şəhərini virtual “işğal”da saxlayır - Rəsmi reaksiya yoxdur... Bu gün düz 2 il 8 aydır ki, işğalçılıq siyasətini hazırda da açıq-açığına davam etdirən Rusiya imperiyasının “sülhməramlı” adlanan hərbi kontingenti müvəqqəti(!) qalmaq şərti ilə Azərbaycan Respublikası ərazisinin elə həmin imperiya tərəfindən iki əsr öncədən köçürülmüş haykların məskunlaşdıqları bir hissəsində yerləşdirilib. Hələ bu il iyunun 1-dən xəbər verdiyimiz kimi, Rusiya Müdafiə Nazirliyi (MN) 2022-ci il avqustun 31-dən rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərini 2023-cü il mayın 31-dən etibarən yenidən virtual olaraq öz məsuliyyət və nəzarət zonasına daxil etməyə başlayıb.

DİA.AZ bildirir ki, Moderator.az-ın son araşdırmasından bəlli olur ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə həmin kontingentin 2 iyun 2022-ci il tarixində axşam saatlarında təqdim edilmiş dislokasiya xəritəsində Laçın şəhəri kənarda göstərilsə də, 4 iyun 2022-ci ilə aid xəritədə bu şəhərimiz yenidən həmin yadelli hərbi birləşmənin məsuliyyət zonasında göstərilib. Və bundan sonra fasilələrlə uzağı 10 gün Laçın şəhəri Rusiya kontingentinin virtual nəzarətindən kənarda qalıb. Rusiya MN-in iyunun 25-də təqdim etdiyi və Azərbaycanın Milli Ordusunun yaranmasının 105 illiyini qeyd etdiyi 26 iyunda da təqdim olunan dislokasiya xəritəsində də Laçın şəhərini “sülhməramlı”ların məsuliyyət zonasına daxil edib. Dünən - iyulun 9-da da eyni hal təkrar olunub...
Beləliklə üst-üstə artıq bir aydır ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı bu açıq təxrubat davam edir...

Qeyd edək ki, Rusiya MN-in saytına girişimiz mütəmadi olaraq əngəllənir. İlk giriş alınsa da, məsələn, "sülhməramlı"ların Azərbaycan ərazisindəki dislokasiya xəritələrinin arxivinə sinrakı giriş cəhdi əngəllənir və ətraflı araşdırılma aparılmasına imkan verilmir....

Beləliklə, Rusiya MN bəlkə də 1 aydan çoxdur ki, Azərbaycan Respublikasının Laçın rayonunun bu günədək 70 ailə və ya 266 soydaşımızın qayıdışının təmin edildiyi mərkəzini virtual “işğal”da saxlayır.

Üstəlik, bəhs edilən xəritədə, əvvəlki bir çox günlərdə də olduğu kimi, “sülhəramlı” kontingentin Şuşa rayonunun Zarıslı kəndi yaxınlığından başlamaqla və ermənilərin istədiyi kimi xəritədə “Kirov” adlandırdıqları Kiçik Qaladərəsi kəndindən və Laçın rayonunun Ağanus kəndi ərazisindən keçməklə Laçın şəhərini də tam əhatə edən patrul marşrutu həyata keçirdikləri də qeyd olunub...

Digər bir diqqətçəkən məqam Rusiya MN-in bəhs edilən xəritələrində mayın 31-i ilə müqayisədə günbəgün Laçın şəhərinin işarəsinin “dəhliz”in daha da dərinliyinə çəkilməsidir. Sanki bu, Azərbaycan media və ictimaiyyətindən gələn narazılığın tamamilə ziddinə olaraq edilir...
Və bir daha xatırlatmağa məcburuq: Rusiya tərəfinin, yəqin ki, “təsadüfi, texniki xəta” adlandıracaqları bu virtual işğal məhz Azərbaycan Prezidentinin Laçın şəhərinə ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsi, yəni şəhərin məskunlaşdırılmağa(!) başlanmasından iki gün sonra və Azərbaycan və Ermənistan liderlərinin Kişinyov görüşündən bir gün öncədən başlayıb...

Qeyd edək ki, bu günədək Azərbaycan dövlətinin heç bir müvafiq qurumu tərəfindən Rusiya Müdafiə Nazirliyinin bu “n”-inci “texniki xətası”na rəsmi reaksiya verilməyib..

Rusiya bir aydır ki, Laçın şəhərini virtual “işğal”da saxlayır - Rəsmi reaksiya yoxdur...

Oxşar xəbərlər