Pensiya yaş həddi 70 yaşa qaldırılsın - Milli Məclis

Pensiya yaş həddi 70 yaşa qaldırılsın - Milli Məclis “Getdikcə daha çox aktuallıq kəsb edən bir sosial problemi millət vəkillərinin və hökümətin diqqətinə çatdırmaq istəyirəm. Bir neçə il bundan qabaq Əmək Məcəlləsinə edilən dəyişikliyə görə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin son yaş həddi 65 yaş müəyyən edilib. Yalnız cüzi istisnalarla ildə bir dəfə uzadılmaqla işçi 70 yaşa çatanadək işləyə bilər. Son zamanlar isə xüsusi ilə təhsil, səhiyyə və təbibə aid təşkilatlarda yaş məhdudiyyətinin tətbiqi kəskin, sərt və kütləvi xarakter alıb. Sanki bu insanlar uzun illər həmin peşənin mütəxəssisi olmamışlar, heç bir bilik və bacarığa malik deyillər kimi davranaraq onları elə ad günündəcə işdən azad edirlər. Təşkilatda olan alternativ vakant iş yerləri də onlara təklif olunmur. Bu isə təhsil və tibb işçiləri arasında ciddi narazılıq və sosial gərginlik yaradır. Bizə edilən müracətlərin sayı və xarakteri də müvafiq yumşalmanın vacibliyini diqtə edir”.

Bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin pleanr iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, bu peşə sahiblərinin pensiyasi da təxminən minimum pensiya həddindədir.

“Başqa iş tapmaq imkanı da praktik olaraq mümkün deyil, onda uzun illər cəmiyyətə təhsil verən və sağlamlığının keşiyində dayanan bu nəcib peşə sahiblərinə qarşı belə davranışı nə milli , nə də dövlət əxlaqına sığışdırmaq mümkün deyildir. Təəsüf ki, fərdi qaydada etdiyimiz müraciətlər də müsbət həll olunmur”, - o qeyd edib.

Onun fikrincə, yaş həddi insanın çalışma imkanına əngəl olmamalıdır: “Əgər bilik və bacarıığı , sağlamlığı imkan verirsə, müvafiq sertifikasiya və attestasiyadan keçibsə formal yaş məhdudiyyətinə görə insanları əmək fəaliyyətindən kənarda qoymaq doğru deyildir. Bu vətəndaşın konstitusiya ilə təmin olunan əmək hüququnun pozulmasıdır.
Təklif edirəm ki, Əmək məcəlləsində dəyişiklik edək və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın son həddi 65 yaşdan 70 yaşa qaldırılsın. Əgər bu təklifi məclis dəstəkləyərsə, hökumət də etiraz etmədiyi halda qanun layihəsini hazırlayıb payız sesiyasında müzakirənizə təqdim edə bilərik”.

Oxşar xəbərlər