Azərbaycanda bu şəxslərin maaşları artırıla bilər

Azərbaycanda bu şəxslərin maaşları artırıla bilər Yeni layihə hazırlanıb

Azərbaycanda elmi işçilərə elmi adlara görə əmək haqlarına əlavələrin verilməsi təklif edilir. Bu məsələ Milli Məclisin Elm və Təhsil Komitəsi tərəfindən yeni hazırlanan “Elm haqqında” qanun layihəsinə daxil edilib.

Bu barədə Trend-ə Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Onun sözlərinə görə, əvvəlki layihədə elmi işçilərin əmək haqlarına yalnız elmi dərəcələrə görə əlavələrin verilməsi, onun miqdarının artırılması təklif edilirdi:

“Yeni layihədə isə yalnız elmlər dərəcələrinə görə deyil, elmi adlara, yəni professor və dosent olmağa görə də əmək haqlarına əlavələrin verilməsi təklif edilir. Bu məbləğin nə qədər olması təklif edilmir. Çünki konkret həddi müəyyən etmək müvafiq icra orqanının səlahiyyətindədir”.

İ.Həbibbəyli qeyd edib ki, layihədə müəssisələrin öz daxili imkanları hesabına elmi işçilərinin sosial rifahının yüksəldilməsi üçün tədbirlər görməsi ilə bağlı da müddəalar öz əksini tapıb.

Komitə sədri qeyd edib ki, müəssisələr əldə etdiyi gəlirlər hesabına birinci növbədə işçilərinin sosial rifahını təmin etməlidirlər. Bu tədbirlər həvəsləndirmə üçün vəsaitlərin, mükafatların verilməsi formasında ola bilər.

Oxşar xəbərlər