1918-ci ilin 28 mayında Şərqin ilk demokratik respublikası Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın əsasına çevrildi.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox tarixi bir missiyanı yerinə yetirdi, o dövrdə hətta bir sıra Qərb dövlətlərindən də əvvəl demokratik islahatlar həyata keçirdi. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə nümunəvilik nümayiş etdirdi.
Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi, xüsusən də parlament tarixində dərin və zəngin iz qoydu. Siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.
Xatırlatmaq lazımdır ki, Ulu Öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin fəaliyyətini daim yüksək qiymətləndirərək bəyan etmişdir ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da ilk dəfə məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən rəsmi olaraq qəbul edilmişdir.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova