Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu

Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu Prezident İlham Əliyev 27 may 2022 –cı il tarixdə Zəngilan rayonu Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı zamanı kənd ictimaiyəti qarşısında çıxış edib. Çıxışı zamanı bir sıra mühüm məsələlər haqqında danışan dövlət başçısı ölkəmizin əsrin əvvələrindən keçdiyi keşməkeşli tarixi dövr haqqında da danışıb. O qeyd edib ki: “İlk Xalq Cümhuriyyəti yaradılanda vəziyyət fərqli idi. Əlbəttə, rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır. Düzdür, bir çox önəmli addımlar atılmışdır və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq. Ancaq, eyni zamanda, onu da bilməliyik ki, müstəqillik cəmi iki il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, müstəqilliyi qoruya bilmədi və Azərbaycan xalqı azadlıqdan məhrum edildi. Bununla bərabər, hamımız yaxşı bilirik ki, o vaxt Ermənistan millətçiləri xalqımıza və gənc Xalq Cümhuriyyətinə qarşı təcavüzə başlamışdılar və bunun nəticəsində Azərbaycan xalqı böyük əzablar yaşamışdır”
1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının üzvləri ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun dönməz xarakter alması birmənalı olaraq Ümummilli lider Heydər Əliyevin tarixi xidməti sayılır. Məhz bu qayıdışın nəticəsidir ki, indi hər birimizin qürur duyduğu, uğurlarına sevindiyimiz və bizim üçün dəyərli olan Azərbaycanda yaşayırıq. Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. Açıq-aşkardır ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və siyasi anarxiyadan, iqtisadi böhran kimi ümidsizlik aşılayan bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi. Bu gün ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin başçılığı altında müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görülüb. Siyasi cəhətdən tam müstəqilik. Siyasi və iqtisadi müstəqillik bu gün bizə imkan verir ki, biz öz həyatımızı bildiyimiz kimi quraq, Azərbaycan xalqının qədim ənənələri, dəyərləri əsasında dövlət quraq və bu dövlətdə rahat yaşayaq. Cənab Prezident İlham Əliyevin çıxışı zamanı qeyd etdiyi kimi : “Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir”.

Sabunçu rayonu, 68 saylı tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər