Səttar Möhbalıyev: “Məğlub ölkənin hərbi təxribatları Azərbaycanın müəllifi olduğu reallıqları dəyişə bilməz”

Səttar Möhbalıyev: “Məğlub ölkənin hərbi təxribatları Azərbaycanın müəllifi olduğu reallıqları dəyişə bilməz” Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Səttar Möhbalıyev haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

***

“Ötən gün Ermənistanın Laçın rayonu istiqamətində hərbi təxribat törətməsi bir daha göstərir ki, bu dövlət hələ də işğal arzularından əl çəkə bilmir. Elə hesab edirlər ki, guya nəyəsə nail ola biləcəklər. Amma, gəlin, 30 illik işğala son qoyan “Dəmir yumruq” əməliyyatına, ondan sonra baş verən digər hərbi təxribatlara nəzər salaq. Hamısında nəticə eynidir: işğalçı dövlətə artıqlaması ilə layiqli cavab verilib. Aprelin 11-də törədilən təxribatın qarşısı da qətiyyətlə alındı, düşmən xeyli sayda itki verdi. Ermənistan nədənsə törətdiyi bu təxribatların nəticələrini dərindən təhlil edib özləri üçün lazımi dərs çıxarmır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, son zamanlar müntəzəm xarakter alan bu kimi erməni təxribatları bir daha təsdiqləyir ki, haylar birmənalı şəkildə sülhdən yayınır: “Amma buna baxmayaraq, Nikol Paşinyan başda olmaqla digər erməni rəsmiləri utanmadan sərsəm bəyanatlar səsləndirərək Azərbaycanı ittiham edirlər. Amma bütün dünya bilir ki, 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra Azərbaycan sülh gündəliyi ilə çıxış edərək məğlub tərəfə sülh müqaviləsi təklif etdi. Bu günə qədər həmin təklifdən boyun qaçıran, sülhdən yayınan da Ermənistandır. Nikol Paşinyan, Ararat Mirzoyan və başqalarının boşboğazlıq edərək utanmadan öz günahlarını Azərbaycanın üstünə yıxması onların əsl simasını ortaya qoyur. Həmçinin qeyd edim ki, onlar vaxtı uzatmaqla vəziyyətin dəyişəcəyinə, kimlərinsə onlara kömək edəcəyinə ümid bəsləyirlər. Hətta Avropa İttifaqının missiyasını görüb kişiləşməyə cəhd edirlər. Bir az da irəli gedərək KTMT missiyasını Ermənistana cəlb etməyə çalışırlar. Bu yolla yenidən ənənəvi təcavüzkar, işğal planlarını reallaşdıra biləcəyi arzusu ilə sayaqlayırlar. Və belə mənasız, boş xəyallarla öz ölkələrini məhvə sürükləyirlər”.
“Bu, hamıya bəllidir ki, Azərbaycan güclü dövlətdir, regionun lideridir, böyük söz sahibidir, böyük qələbələrə imza atmış, təcrübəli Ordusu var. Ona görə də həm Ermənistan, həm də onlara bacım deyən havadarları vəziyyəti düzgün qiymətləndirməli, baş verənlərdən dərin nəticə çıxarmalıdırlar. Əks təqdirdə, təbii ki, əvvəlkilərdən də artıq əvəz ödəyəcəklər”, - Milli Məclisin deputatı vurğulayıb.

Oxşar xəbərlər