Xankəndidə qruplararası silahlı toqquşma ola bilər: Çəmbər daralır, Vardanyan çıxılmaz durumda

Xankəndidə qruplararası silahlı toqquşma ola bilər: Çəmbər daralır, Vardanyan çıxılmaz durumda Xankəndidə Ruben Vardanyanın fəaliyyətindən narazı olub, etiraz edənlərin sıraları getdikcə artmaqda və bu cəbhə genişlənməkdədir. Bu narazılar müxtəlif qruplar ətrafında birləşərək, onun təcili Xankəndini tərk etməsi üçün çalışırlar.

“Hraparak”ın yazdığına görə, hazırda Vardanyana qarşı bir neçə müxalifət fraksiyaları yaradılıb. Mətbu orqanının yazdığına görə, bu qrupları əsasən üç qrupa bölmək olar.

Birincisi, Ermənistanın mövcud hakimiyyəti tərəfindən idarə olunan və maliyyələşdirilən qrup. Ermənistan hakimiyyəti Vardanyanı özlərinin hakimiyyətinə rəqib görürlər. Hesab edirlər ki, Vardanyan günün birində qəfildən Xankəndidən İrəvana köçə bilər və ona görə də hər vasitə ilə onun zərərsizləşdirilməsi üçün hər şeyi edirlər.

İkinci qrup narazılar Xankəndidə separatçı rejimin hakim komandasında çalışanlar və dövlət büdcəsindən maliyyələşənlərdir. Vardanyanın Xankəndidə peyda olması onları “isti yerlərindən” edərək, yuxularına haram qatıb. Onlar hesab edir ki, günün birində bu “isti yerlərindən” və asan gəlirlərindən məhrum olacaqlar. Ona görə də sadə erməniləri ona qarşı körükləyirlər.

Artıq Vardanyan köhnə komandanın sıradan çıxarmaq üçün onların fəaliyyətini yoxlatdırmağı tapşırıb və xeyli ciddi qanunsuz əməlləri barədə faktlar ortaya çıxıb.

Üçüncüsü, Vardanyanın peyda olmasından sonra tutduqları vəzifələrini itirənlərdir və onların ətrafında olanlardır.

Amma burada hələlik heç qrupda olmayan sadə ermənilərdən ibarət qrup da var. Onlar bütün qruplara qarşı çıxır və üzləşdikləri vəziyyətdə onları günahkar hesab edirlər. Düzdür, daha çox Vardanyanı günahkar tuturlar. Hesab edirlər ki, Vardanyan peyda olduğundan onsuz pis, qara gündə yaşadıqları həyat “göy əsgiyə” tutulub.

Xankəndidəki qruplar arasındakı mübarizə elə bir həddə çatıb ki, onlar bir-birini fiziki cəhətdən belə məhv etməyə hazırdırlar. Bunu separatçıların “sabiq xarici işlər naziri” David Babayan “hraparak”a müsahibəsində açıqca etiraf edərək bəyan edib ki, bu gün Xankəndidə bir-birini fiziki cəhətdə məhv etməyə, öldürməyə hazır olan qüvvələr var. Bu isə onu deməyə əsas verir ki, qruplar arasındakı ziddiyətlər geridönməz xarakter alıb və onların uzun müddət birgə fəaliyyətini mümkünsüz edir.

Təqribən iki həftə öncə erməni mediasında da Xankəndidə Vardanyanın istefaya məcbur edilməsi, hətta Xankəndidə yeni “prezident və parlament” seçkilərinin keçirilməsi ilə bağlı məlumatlar yayıldı. Lakin müəyyən vasitəçilərin yardımı ilə həmin böhran qismən də olsa yatırılsa da, ziddiyyəti aradan qaldırmaq mümkün olmadı. Artıq barış üçün yer qalmayıb, bütün körpülər yandırılıb. Digər bir məqam isə Vardanyandan narazıların sırasının genişlənməsidir. Yaranmış durum Vardanyanı çıxılmaz vəziyyətə salmaqla, ətrafındakı çəmbəri getdikcə daraldır. Bu da ona Xankəndidə mütləq hakim olmaq imkanlarını məhdudlaşdırır. Rəqibləri isə bu vəziyyətdən faydalanaraq güclənməyə və narazıların güclərini birləşdirib ona qarşı birgə mübarizəni təşkil etməyə çalışırlar. Vardanyan isə geri çəkilməyəcəyini, sonadək mübarizə aparacağını bəyan edir.

Yaranmış vəziyyət iki variantı diktə edir: ya “ağ bayraq” qaldırıb Xankəndini tərk etməlidir, ya da silahlı mübarizədən istifadə edib sonadək mübarizə aparmalıdır. Bütün bu baş verənlər isə separatçılar arasındakı mübarizənin açıq silahlı toqquşmaya keçməsini və ya proseslərin terror aktları ilə müşahidə olunmasını istisna etmir.

Oxşar xəbərlər