DYP bayram ərəfəsində yol hərəkəti iştirakçılarına müraciət edib

DYP bayram ərəfəsində yol hərəkəti iştirakçılarına müraciət edib Baş Dövlət Yol Polisi İdarəsinin bayram ərəfəsində yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:

"Qarşıdan gələn bayram günləri ilə əlaqədar artıq yerli və respublika əhəmiyyətli avtomobil yollarında yük və sərnişin daşıma fəaliyyətindəki artımla bağlı nəzərəçarpacaq intensivlik müşahidə olunmaqdadır. Bu hal təbii olsa da, təəssüf ki dəfələrlə edilən çağırışlara baxmayaraq, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir.

Əsasən, yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan bəzi sürücülərin daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, yorğun, yuxusuz halda bir neçə dəfə qət etməsi isə son nəticədə ağır yol qəzalarının baş verməsinə real zəmin yaradır.

Bununla yanaşı, istehsal ili köhnə olan nəqliyyat vasitələrinin yük və sərnişin daşımalarında istifadə olunması, habelə daşımalar zamanı normativ tələblərin kobud şəkildə pozulması qəza ehtimalını dəfələrlə artırmaqla yanaşı, həm də belə nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinə də birbaşa təsir göstərir”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək onlara səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirməyi, hərəkət zamanı özü ilə yanaşı sərnişinlərinin də təhlükəsizlik kəmərini bağlamasını təmin etməyi, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyi, yorğun, yuxusuz halda avtomobil idarə etməkdən çəkinməyi xahiş edib.

“Unutmayaq ki, məslək və məramından asılı olmayaraq sükan arxasına əyləşən hər bir sürücünün həyat və sağlamlığı onun ailəsi, doğmaları üçün bütün maddi nemətlərdən daha qiymətlidir!", - müraciətdə deyilir.

Oxşar xəbərlər