DYP sürücülərə çağırış edib

DYP sürücülərə çağırış edib "Mütəxəssislərin də qeyd etdiyi kimi cari ilin iyul-avqust aylarında havanın temperaturunun ötən illərlə müqayisədə yüksək olması səbəbindən əhalinin nisbətən sərin olan bölgələrə səfərlərinin sayı xüsusilə həftə sonları nəzərəçarpacaq dərəcədə artıb, bu isə öz növbəsində avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyini və paralel olaraq qəza ehtimalının yüksəlməsini şərtləndirib".

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilir.

Qeyd edilib ki, son günlər baş vermiş ağır yol-nəqliyyat hadisələrinin təhlili bir daha deməyə əsas verir ki, bu ehtimalı reallığa çevirən əsas amil vaxtaşırı xəbərdarlıq edilməsinə, mütəmadi olaraq DYP qurumları tərəfindən yollarda baş verə biləcək qəzaların qarşısının alınması üçün nəzarət-profilaktik tədbirlərin keçirilməsinə baxmayaraq hələ də özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalan, verilən tövsiyələrə, yaşanmış acı təcrübəyə əhəmiyyət verməyən məsuliyyətsiz sürücülərdir.

Nəqliyyat vasitəsini sərxoş, yuxulu, yaxud əzgin və ya yorğun halda idarə edən, bu vəziyyətdə sərnişin dolu avtomobillə uzun müddət fasiləsiz hərəkətdə olan, sürət həddinə məhəl qoymayan, ötmə və manevr etmə qaydalarını kobud şəkildə pozaraq yollarda potensial təhlükə mənbəyinə çevrilən, bəzən də təhlükəsizlik üçün görülən qabaqlayıcı tədbirləri ironiya, hətta qəzəblə qarşlayan sürücülərə bu gün də rast gəlinir ki, həmin şəxslər xudbin, intizamsız və məsuliyyətsiz davranışları nəticəsində törənəcək qəzada neçə-neçə insan faciəsinə bais olacaqlarından sanki xəbərsiz kimi davranırlar.

Baş Dövlət Yol Polisi İdarəsi belə şəxslərə qarşı təkcə inzibati qaydada deyil, ictimai qınaq metodlarından istifadə etməklə mübarizə aparmağın daha səmərəli olacağına inanır və bir daha sürücülərə müraciət edərək onlara mənzil başına sağ-salamat çatmaları üçün səfərə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sərxoş, yorğun, yaxud yuxusuz halda sükan arxasına əyləşməməyi, hazırda havaların isti olduğunu nəzərə alıb soyuducu sistemi olmayan avtomobillərlə günün nisbətən sərin vaxtlarında yola çıxmağı, 1-2 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyi tövsiyə edir.

Ümid edirik ki, hər bir hərəkət iştirakçısı bu çağırışla bağlı bizimlə həmrəy olacaq, şəxsi nümunə göstərməklə özünün, doğmalarının və digər insanların təhlükəsizliyi naminə yol hərəkəti qaydalarına ciddi riayət edəcək.

Oxşar xəbərlər