Zəfərin qazanılmasında diplomatiya əhəmiyyətli rol oynadı

Zəfərin qazanılmasında diplomatiya əhəmiyyətli rol oynadı Rövşən Əhmədov: Azərbaycan Respublikası müstəqilliyinin ilk günlərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş və nəticədə beynəlxalq səviyyədə tanınmış əraziləri işğal olunmuş, həmin ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləmə həyata keçirilərək bütün azərbaycanlı əhali öz evlərindən zor gücünə qovulmuşdur.
Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi həm ayrı-ayrı dövlətlər tərəfindən ikitərəfli münasibətlərdə qəbul edilmiş sənədlərdə, həm də beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrdə öz əksini tapmışdır.
Azərbaycanın diplomatik səyləri nəticəsində beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə münaqişənin həlli ilə bağlı mövqelərdə ölkəmizin ərazi bütövlüyü tanınır və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu təsdiqlənir, işğalın aradan qaldırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etməsi tələb olunur, qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüququ müdafiə edilirdi. Bunlar Azərbaycanın beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərinin və aparılan uğurlu xarici siyasətin nəticəsində mümkün olmuşdur.
Münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində Azərbaycanın sərgilədiyi mövqe prinsipial xarakter daşımaqla beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmış və uzun illər ərzində davam edən proses çərçivəsində dəyişilməz qalmışdır. Təcavüzkar siyasətini davam etdirən Ermənistan isə danışıqlar prosesini ləngidərək, Azərbaycan torpaqlarının işğalının nəticələrini möhkəmləndirmək məqsədini güdmüşdür.
Beləliklə də, Azərbaycanın münaqişənin siyasi həll yoluna sadiq olmasına baxmayaraq, Ermənistan tərəfindən açıq şəkildə təxribatçı və təcavüzkar hərəkətlərin nümayiş etdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpasını qaçılmaz etdi.
Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində zəfəri nəticəsində Azərbaycan beynəlxalq təşkilatların erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında həllinə çağıran qərar və qətnamələrini həyata keçirdi, 30 illik işğala son qoyuldu.
İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsi və işğal olunmuş torpaqları azad etməsi tariximizə qızıl hərflərlə yazılmışdır. Bu qələbənin əldə edilməsində Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı ilə yanaşı, Prezident İlham Əliyevin müdrik və cəsarətli diplomatiyasının xüsusi əhəmiyyəti vardır. Bu diplomatiya Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin və diplomatik uğurlarının davamı idi.

Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.

Oxşar xəbərlər