Azərbaycanlıların öz tarixi etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir

Azərbaycanlıların öz tarixi etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir Mənsub olduğumuz Güney Qafqaz regionu məkrli qonşularımızın ucbatından tarixi taleyimizi sürgün, soyqırımı,qətliamlara müncər etmişdir. Zaman-zaman erməni xisləti fürsət tapan kimi baş qaldırmış, imperialist qaragüruhun dəstəyi ilə xalqımızı minbir bəlaya düçar etmişdir.
İkinci Cahan savaşının bitməsi ilə yeni dünya düzəni yaranmış, bu isə erməni millətçiləri üçün əlavə dəstavüz olmuşdur. O zaman Kremlin rəsmiləri arasında özünə isti yuva tapmış mikoyancıqlar sovet rəhbərliyi qarşısında Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırmış, onun Ali Sovetin sessiyası səviyyəsinə çıxara bilmişdilər. Nə yaxşı ki, o zamankı respublika rəsmilərinin qətiyyəti və Moskva idarəçilərinin bəzi düzgün iradları ortaya çıxmış və miatsum baş verməmişdir. Lakin xaricdəki erməni lobbisi və Kremlin sədaqətli yaltaqları olan haylar tarixin bu dönəmində xalqımızın deportasiyasının həyata keçirilməsinə nail ola biliblər.
Artıq 1946-cı ilin dekabrında xaricdə yaşayan ermənilərin sovet Ermənistanı ərazisinə köçürülməsinə qərar verilmişdir. Belə məsuliyyətsiz bəyanatın acı nəticələri bizdən yan keçmədi. 1947-ci ilin dekabrında və növbəti ilin martında ard-arda qəbul edilmiş bədnam sərəncamlarla köçürüləcək ermənilərin regionda yerləşdirilməsi üçün qərbi azərbaycanlıların öz doğma yurdlarından deportasiyasına başlanılmışdır. Deportasiya amansız üsullarla və tələm-tələsik icra olunurdu. Deport olunanlar əsasən Aran bölgələrinə, Kür-Araz vadisinə sürgün edilmişdilər. Yüksək dağlıq ərazilərdə, bol havası və saf suyu ilə seçilən bölgələrdə yaşayan insanlar isti və quru iqlim şəraitinə dözümsüzlük göstərir,onların arasında epidemiya, kütləvi xəstəliklər yayılırdı. Rəsmi məlumat 1948-1953-cü illərdə 150 minə qədər soydaşımızın qədim-qayım ellərindən məhrum olduğunu qənaətləndirir. Qeyd etməliyik ki, bununla yanaşı ermənilərin Azərbaycanın iri sənaye şəhərlərinə, Sumqayıt, Əli-Bayramlı (Şirvan), Mingəçevir və Daşkəsənə yerləşdirilməsi prosesi davam etmişdir. Beləliklə Azərbaycanın daxilində xaricdəki erməni lobbisinə xidmət edəcək agentura formalşmağa başlamışdır.
Sovet quruluşunun yaratdığı hər hansı fürsət erməni maşınının işinə yarayırdı. Repressiya, şəxsiyyətə pərəstiş dövrü arxada qaldıqda cəmiyyətin mülayimləşməsi dövründə İrəvanda rəsmi şəkildə uydurma erməni soyqırımının 50 illiyi qeyd edilmişdi.
Ötən əsrin 80-ci illərində ölkədə demokratiya, aşkarlıq, yenidənqurma kimi tezisləri bədxah qonşularımız tərəfindən yeni siyasi fənd kimi qiymətləndirdilər. Artıq bu dəfə Dalıq Qarabağın Ermənistana birləşdirilməsi hərəkatı ciddi siyasi rəng almışdı. Mərkəzdən xeyir-dua alan erməni rəsmiləri bir tərəfdən DQMV-dən, digər tərəfdən Ermənistan SSR-dən azərbaycanlıların kütləvi qovulmasına başladılar. 1988-1991-ci illərdə 300 mindən çox soydaşımız Qərbi Azərbaycandan respublikamıza pənah gətirdi. Bu azərbaycanlıların öz tarixi torpaqlarından çıxarıldığı sonuncu və miqyasına görə ən böyük deportasiyası idi. Bu antihumanist, heç bir ölçüyə sığmayan akt ermənistanın monoetnik ölkəyə çevrilməsi ilə sonuclandı. Bu gün bu ölkənin monostrukturu onun şoven ruhunu əks etdirir, bütün dünyaya erməni siyasi xadimlərinin xislətini nümayiş etdirir. Xalqların, millətlərin qlobal inteqrasiyaya kökləndiyi bir dönəmdə Ermənistan qapalı və vəhşi bir diyara çevrilməkdədir. Son onilliklərdə həyata keçirilən regional layihələrdən kənarda qalan bu ölkənin çarəsi yalnız Azərbaycanla sülh müqaviləsi imzalamağa və bölgənin inkişaf edən iqtisadiyyatına qovuşmağa qalıb. Yoxsa ki, tarixin məhkəməsi amansız olur.

Sabunçu rayonu, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov


Oxşar xəbərlər