Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərib

Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərib İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın ötən il müstəqilliyinin 30-cu ildönümü olduğunu qeyd edərək ölkəmizin bu illər ərzində tamamilə müstəqil siyasət yürütdüyünü vurğuladı. Ölkəmiz hər zaman həm qonşu ölkələr, həm də digər ölkələrlə əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb və özünün siyasəti olub. Həyata keçirilən uğurlu müstəqil siyasət beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri üzərində formalaşıb. Azərbaycan hər bir ölkə ilə əməkdaşlıqda və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Yüksək səviyyədə olan Azərbaycan-İtaliya əməkdaşlığı buna əyani sübutdur. Ölkəmizlə İtaliya arasında əlaqələrin qurulması 1994-cü ilə təsadüf edir. Artıq neçə illərdir ki, ölkəmiz İtaliyaya neft ixrac edir və son illər ərzində isə Azərbaycan qazı da Cənub Qaz Dəhlizi vasitəsilə bu ölkəyə çatdırılır. Son illər ərzində dünyada baş verən regional və beynəlxalq miqyaslı geosiyasi proseslər fonunda Azərbaycan qazına Avropada böyük maraq yaranıb. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində olan ən aktual məsələlərdən biridir. Lakin Azərbaycan bu münaqişədən öncə belə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli enerji layihələri ilə Avrasiyanın enerji xəritəsini dəyişməyi bacarıb. Ölkəmizin 2,6 trilyon kubmetrə bərabər təsdiq edilmiş qaz ehtiyatları var. Həmçinin Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. 3 böyük boru kəmərini özündə birləşdirən Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğundadır və İtaliyaya qədər uzanır.Çernobbio Forumunda Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və enerji ilə bağlı dialoqa start veriliməsinə diqqət çəkərək bu anlaşmanın bütün ölkələr üçün böyük perspektivlər vəd etdiyini diqqətə çatdırdı. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım olmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinə təminat verir. Bütün bunlarla yanaşı xüsusi vurğulamaq yerinə düşər ki, İtaliya ilə Azərbaycan arasında son bir neçə il ərzində mədəniyyət və humanitar sahələrdə də əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Pandemiyadan əvvəl Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil olunan tədbirlər mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verib. İtaliyada ənənəvi olaraq keçirilən Azərbaycan kino və mətbəx festivalları da ölkəmizin mədəniyyətinin təbliğinə əlavə imkanlar açıb. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərib. Çıxışının sonunda Cənab Prezident İlham Əliyev həmçinin bildirib ki, regionda və dünyada baş verən münaqişələr, gedən geosiyasi proseslər fonunda xarici amillərdən müdafiə olunmaq ölkəmiz üçün əsas məsələlərdəndir. Azərbaycan dünyada baş verən münaqişlərdə tərəfsiz mövqedədir və ümumiyyətlə münaqişlərin baş verməsinə qarşıdır. Çünki Azərbaycan 30 il müddətində münaqişəyə cəlb olunmuş və işğalla üzləşmiş ölkə olub. Eyni zamanda, Azərbaycan beynəlxalq hüququn pozulmasından da əziyyət çəkib. Odur ki, Azərbaycan üçün Ermənistanla sülhə nail olmaq planlarında nələr əldə edəcəyi və yeni nəsillərin gələcəyinin necə olacağı, regionda sülh, təhlükəsizlik mühitinin formalaşdırılması daha önəmlidir.


Asiman Paşayev
Sabunçu rayonu, 68 №-li tam orta məktəbin direktor müavini

Oxşar xəbərlər