Əliyev diqtə, Paşinyan icra edəcək: Putin İrəvana “Brüssel zərbəsi”ni bağışlamaz

Əliyev diqtə, Paşinyan icra edəcək: Putin İrəvana “Brüssel zərbəsi”ni bağışlamaz Belə anlaşılır ki, güclü Azərbaycanın “dəmir yumruğu”na paralel olaraq, Rusiyanın qəzəbi ilə də baş-başa qalan zəif Ermənistanın “qara günləri” hələ irəlidədir… Böyük ehtimalla erməni baş nazir Brüsseldə məhz Azərbaycan liderindən Ermənistanın gələcək taleyinə təminat almaq barədə düşünməli olacaq…

Musavat məlumatına görə, Ermənistan cəmiyyəti Cənubi Qafqazda cərəyan edən son proseslərdən sarsılmış kimi görünür. Çünki erməni toplumunun ümidlərini bitirən, “xəyallar”ını boşa çıxaran hadisələr baş verməkdədir. Azərbaycan regional hegemonluğu ələ keçirib, Ermənistan isə dövlətçiliyini belə, itirmək təhlükəsi ilə üzləşib.


Təbii ki, belə vəziyyətdə rəsmi İrəvanın Azərbaycanla danışıqlar aparması o qədər də asan məsələ deyil. Paşinyan hakimiyyəti hazırda hər hansı şərt irəli sürmək və ya mövqe nümayiş etdirmək şansına sahib deyil. İndi rəsmi İrəvanın Azərbaycan tərəfindən diqtə olunan bütün şərtləri qəbul və icra etməkdən başqa elə bir carəsi qalmayıb.
Ona görə də, Ermənistan mətbuatı növbəti Brüssel görüşü barədə məlumatı pessimist notlar üzərindən yayıb. Həmin məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş avqustin 31-də keçiriləcək. Görüşə yenə də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel vasitəçilik edəcək.

Maraqlıdır ki, Rusiya siyasi dairələrində də bu görüşlə bağlı müəyyən çaşqınlıq hökm sürür. Belə ki, buna qədər Rusiya mətbuatı üçtərəfli görüşün Kreml sahibi Vladimir Putinin vasitəçiliyi ilə Moskvada keçiriləcəyi barədə məlumatlar yayılmışdı. İndisə belə anlaşılır ki, görüşün keçiriləcəyi məkan ilə bağlı gözlənilməz dəyişiklik olmazsa, Kreml sahibinin vasitəçiliyi artıq böyük şübhə altındadır.

Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb Rusiya ilə amansız, həm də güzəştsiz rəqabət aparır. Bu rəqabət yalnız Ukrayna savaşı ilə məhdudlaşmır, həm də Cənubi Qafqaz regionunda da davam edir. Ona görə də, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları prosesinə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik etməsinə də məhz ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda rəqabəti konteksində yanaşmaq daha doğru olardı.

Məsələ ondadır ki, ABŞ və Qərb Şarl Mişelin vasitəçiliyi sayəsində Rusiyanı Azərbaycan-Ermənistan sülh danışıqları prosesindən kənarlaşdırmaq niyyəti güdür. Çünki, Cənubi Qafqazın gələcək inkişaf perspektivləri üçün böyük önəm daşıyan bu prosesdən Kremlin kənarlaşdırılması, Rusiyanın ümumiyyətlə, regiondan sıxışdırılıb, çıxarılmasının başlanğıcı ola bilər. Və hazırda Qərb siyasi dairələri əsasən, Ermənistanın Rusiyadan qoparılmasına cəhd göstərirlər.

Maraqlıdır ki, ABŞ və Qərb artıq bu məsələdə müəyyən uğurlar qazanmağa da başlayıb. Belə ki, Rusiya və Ermənistan arasındakı münasibətlərdə kifayət qədər ciddi çatlar yaranıb. Rəsmi İrəvan Ermənistan cəmiyyətində Rusiya əleyhinə propoqandanı intensivləşdirib. Kreml bundan həm narazı, həm də qəzəblidir.

Bütün bunları nəzərə aldıqda, Rusiya siyasi dairələri və mətbuatının Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında məhz Kreml sahibi V.Putinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçiriləcəyi barədə yaydığı məlumatların boşa çıxarılması maraqlı prosesdir. Hər halda, həmin görüşün əvvəlcədən elan edilmiş tarixdə Moskvada deyil, məhz Brüsseldə keçilməsi Rusiyanın Cənubi Qafqazdakı maraqlarına və mövqelərinə sarsıdıcı zərbədir.

Belə anlaşılır ki, ABŞ və Qərb Rusiyanı sülh danışıqları prosesində oyundankənar vəziyyətə salmaq üzrədir. Belə davam edərsə, yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ümumiyyətlə, arxa plana keçirilmiş olacaq. Sülh danışıqlarında avanqard moderator statusu Brüsselin əlinə keçəcək. Nəticədə, Rusiya sülh danışıqlarında vasitəçilik funksiyalarını tədricən itirməyə başlayıb.

Təbii ki, Azərbaycan üçün görüşün Brüsseldə və ya Moskvada keçirilməsi o qədər də böyük prinsipial əhəmiyyət daşımır. Əsas məsələ odur ki, rəsmi Bakının konkret hədəfləri mövcuddur və onların heç birisindən geri çəkilmək niyyətində deyil. Və görüşün Moskvada və ya Brüsseldə keçirilməsindən asılı olmayaraq, istənilən halda, Azərbaycan Prezidenti İlham Əliyev sülh danışıqları masası arxasında geopoloitik iradə sahibi olacaq.

Çünki, Ukrayna savaşı Rusiyanı ciddi şəkildə zəiflədib. Eyni zamanda, indiki situasiyada Kremlin Azərbaycan-Türkiyə İttifaqı ilə normal münasibətlərə, əməkdaşlığa və tərəfdaşlığa əvvəlki dövrlərdən daha çox ehtiyacı var. Yəni, Kreml Rusiyaya əlavə problemlər yaratmaqdan başqa heç bir faydası olmayan Ermənistan ucbatından Azərbaycan-Türkiyə İttifaqı ilə sərfəli tərəfdaşlıq münasibətlərini korlamaq istəməz.

Digər tərəfdən, Ukrayna savaşının dünyada yaratdığı situasiya, Rusiyaya qarşı sanksiyaların Avropa Birliyi məkanında yaratdığı enerji böhranı da Azərbaycan Prezidentinin əlini maksimum səviyyədə gücləndirən önəmli faktirdur. Çünki, hazırda Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyində əvəzolunmaz tərəfdaş statusuna da sahiblənib. Ona görə də, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarının şərtlərini və müzakirə mövzularını diqtə edən tərəf olacağı qətiyyən şübhə doğurmur.

Onu da nəzərə almaq lazımdır ki, 44 günlük II Qarabağ savaşındakı tarixi qələbə ilə yanaşı, Azərbaycan ordusunun “Qisas” antiterror əməliyyatının son nəticələri də Prezident İlham Əliyevə önəmli hərbi-siyasi üstünlüklər qazandırıb. Yəni, Azərbaycan ordusunun “dəmir yumruq” zərbəsinin təsiri altında olan Ermənistan baş naziri Nikol Paşinyan istənilən halda, Prezident İlham Əliyevin sülh danışıqları masası arxasındakı güclü mövqeyi qarşısında aciz durumdadır. Və erməni baş nazirin Azərbaycan liderinin diqtə etdiyi bütün şərtləri qəbul etmək məcburiyyətində olduğu qətiyyən şübhə doğurmur.

Bu baxımdan, Azərbaycan qarşısında təklənmiş, xarici müttəfiqlərini və himayədarlarını itirmiş Ermənistanın Brüssel görüşündən növbəti siyasi-diplomatik məğlubiyyətlə ayrılacağını elə indidən ehtimal etmək olar. Yəqin ki, bu görüşdən sonra Cənubi Qafqazda sülh prosesinə yönəlik addımlar daha da intensivləşə bilər. Hər halda, rəsmi İrəvanın Azərbaycanın əsas hədəfləri ilə böyük ölçüdə uzlaşan üçtərəfli anlaşmaları icra etməli olacağını düşünmək mümkündür.

Üstəlik, Brüssel görüşündən sonra Rusiyanın Ermənistana yönəlik təzyiqlərinin daha da arta biləcəyi qətiyyən istisna deyil. İndiki situasiyaya görə rəsmi İrəvandan ciddi şəkildə narazı olan Kreml üçtərəfli görüşün Moskvada deyil, Brüsseldə keçirilməsinin əsas günahkarının məhz Ermənistan olduğunu anlayır. Və bunu rəsmi İrəvana bağışlayacağına inanmaq bir qədər çətindir.

Elə bu səbəbdən də, son vaxtlar Rusiya əleyhinə propoqandanı gücləndirən Ermənistana münasibətdə Kremlin daha sərt davrana biləcəyi qətiyyən gözlənilməz olmayacaq. Yəni, belə anlaşılır ki, güclü Azərbaycanın “dəmir yumruğu”na paralel olaraq, Rusiyanın qəzəbi ilə də baş-başa qalan zəif Ermənistanın “qara günləri” hələ irəlidədir. Və ona görə də, hesab etmək olar ki, erməni baş nazir Brüsseldə əsasən Ermənistanın gələcək taleyinə təminat almaq barədə düşünməli olacaq.

Oxşar xəbərlər