“Rusiya Ermənistanı ikinci Tovuz savaşına təhrik edə bilərmi?” - MÜHÜM

“Rusiya Ermənistanı ikinci Tovuz savaşına təhrik edə bilərmi?” - MÜHÜM Xəbər verildiyi kimi, Azərbaycanın Tovuz rayonunun sərhədində yerləşən Tavuş vilayətinin Berd(keçmiş tarixi adı – Tovuzqala) rayonunun Aygepar kəndi yaxınlığında, Tovuzun Əlibəyli kəndindən cəmi bir kilometr məsafədə - keçmiş hava limanının ərazisində Rusiya hərbi bazasının fəal tikintisi aparılır. Məhz bu ərazi 44 günlük Qarabağ savaşından öncə aktiv toqquşmalar zonası olub. Məhz dövlət sərhədinin bu hissəsində Ermənistan ordusu tərəfindən Azərbaycana qarşı tarixə “iyul”, yaxud Tovuz döyüşləri” kimi düşən təxribatlar həyata keçirilib. Həmin döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov və digər hərbçilərimiz qəhrəmancasına şəhid olub...

Bəs Azərbaycanla sərhədin məhz Tovuz istiqamətində hərbi bazanın salınması Moskvanın hərbi-siyasi baxımdan hansı hədəflərinə hesablanıb? Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev öncə Putin rejimi üçün 2020-ci ildəki Tovuz döyüşlərinin hansı məqsəd daşımasından danışıb:

“Hesab edirəm ki, bütün bu işlər, Rusiyanın dövlət sərhədimiz yaxınlığında yeni hərbi baza tikməsi də elə Kremlin Tovuz döyüşləri zamanı tutduğu mövqenin məntiqi davamıdır. 2020-ci ilin iyulunda – 44 günlük savaşdan öncə Tovuz istiqaməti Ermənistanı niyə belə maraqlandırırdı? Öncə bildirmək lazımdır ki, əslində bu bölgə erməniləri yox, Rusiyanı, Kremli maraqlandırırdı və hələ indi də maraqlandırır. Ona görə ki, beynəlxalq səviyyəli əsas kommunikasiya, enerji xəttləri, o cümlədən neft, qaz kəmərləri məhz Tovuzla sərhədə yaxın ərazidən keçir. Rusiya Ermənistan ordusunun bu istiqamətində hücumunu təşkil etməklə demək istəyirdi ki, biz istədiyimiz vaxt sizin yanacaq kəmərlərinə və s. təhlükə yarada bilər, hətta onları vurub partlada bilərik. Moskva bu təhdidi hələ də gündəmdə saxlayır. Amma onlar anlamır ki, əgər bizim neft, qaz kəmərlərinə hər hansı ciddi bir zərbə dəyərsə, bütün Qərb dünyası, Avropa, Amerika Ukraynanı dəstəklədiyi kimi, Azərbaycanı da dəstəkləyəcək. Çünki həmin kəmərlər Türkiyəni, Avropanın xeyli hissəsini enerji ilə təmin edir. Yəni Azərbaycana Tovuz-Qazax istiqamətindən hücum Türkiyənin və Avropa ölkələrinin bilavasitə maraqlarına toxunur”.

Sabiq nazir hesab edir ki, Rusiya bəhs edilən istiqamətdə hərbi baza qurmaqla yenə də Azərbaycanı təhdid altında saxlamaq məqsədi güdür.

“Hesab edirəm ki, bu gün Tovuz yaxınlığında baza qurmaqda Moskvanın məqsədi yenə də Azərbaycana qarşı təhdid yaratmaq və öncə qeyd etdiyimiz kimi, ərazidən keçən kommunikasiya dəhlizini, xüsusən neft-qaz kəmərlərini nəzarətdə saxlamaqdır. Əgər biz qəti mövqeyimizi ortaya qoyub 10 noyabr bəyanatına uyğun olaraq Qazaxın 7 kəndinin də qaytarılmasını tələb etməyəcəyiksə, Rusiya gündən-günə azğınlaşacaq”- deyə Rusiya hərbi-siyasi dairələrinə həm sovet dövründəki hərbi akademik təhsil illərində, həm də I Qarabağ savaşından yaxşı bələd olan general bildirib.

“Bu minvalla bir müddət sonra ikinci Tovuz savaşı da baş verə bilərmi?” sualını isə sabiq nazir belə cavablandırıb:

“Bilirsiz, Rusiyadan hər şey gözləmək olar. Və ümumiyyətlə, bütün bu təhdid və təhlükələri önləmək üçün biz dostlarımız, müttəfiqlərimizlə birgə bir daha öz gücümüzü, mövqeyimizi qəti şəkildə ortaya qoymalıyıq. Vəziyyət bu cür davam edə bilməz. Həm Qarabağ, həm də Tovuz-Qazax istiqamətində... Azərbaycan dövləti tezliklə öz ərazi bütövlüyünün, sərhədlərinin tam bərpasına nail olmalıdır. Qarabağın qalan hissəsi, Qazaxın kəndləri, eləcə də Naxçıvanın Kərki kəndi qaytarılmalıdır...

Ermənilərə Rusiya ordusunun nəzarəti altında Laçın rayonunun ərazisindən hava xətti ilə 5 km-lik dəhliz vermişik. Harada görünüb ki, dəhliz 5 km olsun. Dəhliz olar, uzağı, yol ətrafında 100-200 metr... Və Ermənistanla dövlət sərhədinə də bizim sərhəd qoşunları, gömrük xidməti və s. nəzarət etməlidir. Belə olsaydı, heç əlavə yol çəkməyə də ehtiyac qalmazdı...”

Oxşar xəbərlər