Dövlətçiliyə qarşı xəyanətin qarşısı müdriklik və qətiyyətlə alındı

Dövlətçiliyə qarşı xəyanətin qarşısı müdriklik və qətiyyətlə alındı Bu gün müstəqilliyimizin bərpası və onun qorunub saxlanılması, torpaqlarımızın bütövlüyü, toxunulmazlığı istiqamətində atılan vacib, mühüm addımlar, dövlətimiz tərəfindən aparılan uğurlu islahatlar, ardıcıl olaraq keçirilən demokratik seçkilər, əhalinin güzəranının yaxşılaşmasına xidmət edən uğurlu amillərdəndir. Özündə vətəndaşlıq məsuliyyəti hiss edən hər bir soydaşımıza məlumdur ki, dövlətçiliyimizin azadlığı və müstəqilliyinin qorunub saxlanması, inkişaf etməsi bir sıra çətin yollar hesabına başa gəldi. Bu ağrılı-acılı yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canlarından keçdilər. Lakin müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bir tərəfdən erməni-faşist daşnaklarının işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən də ac qurdlar kimi dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, dedikləri ilə oturub-duran yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu.

O vaxt respublikanın daxili işlər nazirinin müavini işləyən Rövşən Cavadovun ətrafına toplaşan bir qrup silahlı, Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Bakıda və respublikanın bir neçə rayonunda iğtişaşlar törətdilər. Fərman Dəmirqol, Gürəl Kənan, Yalçın Ərtan kimi xarici ölkə vətəndaşları Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən Rövşən Cavadovla birgə hadisələri dövlətçilik əleyhinə yönəldirdilər. Cavadov qardaşlarında mənsəbpərəstlik, vəzifə hərisliyi o qədər güclü idi ki, atası da daxil olmaqla ölkədə əmin-amanlıq yaradılması üçün onlara müraciət edən ağsaqqalların, müəllimlərin belə silahı yerə qoymaq tələbinə də məhəl qoyulmadı. Xarici emissarların köməyi ilə özləri üçün istehkam və qərargah yaradan XTPD-nin azğınlaşmış «döyüşçüləri» xalqa və dövlətə xeyli ziyan vurmuş Gəncə qiyamından sonra yenidən hakimiyyəti zəbt etmək istəyən qüvvələrin tələblərini yerinə yetirərək özlərini hakimi-mütləq simasında təsəvvür edirdilər.

Sağlam düşüncəli, xalqa və millətə, Vətənə və torpağa sədaqətli olan adamlar, hər zaman olduğu kimi, bu dəfə də Ulu Öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşdilər. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı.

Eminova Xədicə, 252 saylı məktəbin direktoru

Oxşar xəbərlər