“Azərsun”da nə baş verir? – Zavod bağlandı, yüzlərlə işçi ixtisar olunacaq

“Azərsun”da nə baş verir? – Zavod bağlandı, yüzlərlə işçi ixtisar olunacaq “Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavodunun yüzlərlə işçisi bu gün zavodun qarşısında aksiya keçirib. Aksiyaya səbəb 500-ə yaxın əməkdaşın işdən azad olunmasıdır.

Turkustan.info xəbər verir ki, dünən aksiya iştirakçıları zavodun qarşısına toplaşaraq işdən azad olunmalarına etiraz edirlər.

Onların sözlərinə görə, işdən çıxarılmalarına səbəb İmişli Şəkər Zavodunun maliyyə böhranı yaşamasıdır. Artıq İmişli Şəkər Zavodunun nümayəndəsi aksiyaya toplaşanlarla görüşüb və onlara bir ay müddətində yenidən işlərinə qayıdacaqlarını vəd edib. Lakin işçilər deyirlər ki, 2019-cu ilin dekabrında 80-dən çox işçi işdən çıxarıldı, onlara tezliklə işə qayıdacaqları haqda vəd verildi. Amma bu baş vermədi. İndi isə 450-500-ə yaxın işçini ixtisar ediblər.

Məlumatlara görə rayonun icra hakimiyyəti başçısı yaranmış vəziyyətlə bağlı Bakıya gəlib, onun işçilərin kütləvi ixtisarını “Azərsun Holdinq” rəhbərliyi ilə müzakirə edəcəyi gözlənilir.

Məsələ ilə əlaqədar İmişli Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Elmin Qəhramanov virtualaz.org-a bildirib ki, yaxın vaxtlarda əlaqə saxlayaraq aksiya ilə bağlı açıqlama verəcəklər.

“Azərsun Holdinq”-in mətbuat xidmətindən isə sayta bildirilib ki, zavod həqiqətən də, ciddi böhran vəziyyəti ilə qarşılaşıb, lakin bununla belə, ixtisar halı baş verməyib. Holdinqin açıqlamasından məlum olur ki, əslində ixtisardan da betəri olub-İmişli Şəkər Zavodu böhranla üzləşərək fəaliyyətini ümumiyyətlə dayandırıb. Və zavod bu ildən etibarən ancaq payız mövsümündə məhdud həcmdə şəkər çuğundurunu emal etməklə kifayətlənəcək.

“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin İmişli rayonunda yerləşən şəkər emalı zavodu ciddi böhran vəziyyəti ilə qarşılaşıb. 2016-cı ildən etibarən Rusiya Federasiyasından ölkəyə şəkər tozu idxalının miqyası durmadan artmaqdadır. Üstəlik idxal olunan şəkər tozunun qiyməti dempinq siyasəti ilə formalaşır. İmişli şəkər zavodunda maya dəyərinin aşağı salınması, qiymətdə rəqabət qabiliyyətinin artırılması yönündə milyonlarla ABŞ dolları ilə ölçülən investisiya qoyuluşları, həmçinin digər səmərələşdirici səylərin həyata keçirilməsinə baxmayaraq dempinqli idxal olunan məhsul ilə rəqabət aparılması obyektiv olaraq mümkün deyil. Məhz buna görə də, müəssisəmiz son illərdə külli miqdarda zərərlə fəaliyyət göstərir”, – Holdinqdən bildirilib.

“Azərsun”da nə baş verir? – Zavod bağlandı, yüzlərlə işçi ixtisar olunacaq


Məlumatda həmçinin qeyd olunur ki, Azərsun Holdinq rəhbərliyinin ölkəmizin sosial-iqtisadi inkişafı və regionda məşğulluğun təmin olunmasına verdiyi yüksək əhəmiyyətin nəticəsi olaraq müəssisə fəaliyyəti dayandırılmayıb: “Hər kəsə məlumdur ki, İmişli rayonu başda olmaqla, Mərkəzi Aran bölgəsinin sosial-iqtisadı həyatında və işsizliyin aradan qaldırılmasında müəssisəmizin rolu həlledici dərəcədə mühimdir. Yaranmış bu böhran vəziyyətində, Holdinqimizin bütün xoş niyyətli səylərinə rəğmən müəssisəmizin tam gücü ilə ilboyu fəaliyyət göstərməsi çətinləşəcək. Hazırda İmişli Şəkər Zavodunda ixtisar baş vermir. Sadəcə istehsal müəssisəsinin fəaliyyətini dayandırması ilə bağlı ölkə qanunvericiliyinin tələbinə uyğun olaraq işçilərə ödənişlər edilir. Durum belə davam edərsə istehsal müəssisəmiz 2020-ci ildən etibarən sadəcə payız mövsümündə məhdud miqdarda şəkər çuğunduru emalını həyata keçirməklə fəaliyyətini xeyli kiçiltməyə məcbur qalacaq ki, çox təəssüf, işçi heyətimizin sayına yenidən baxmalı olacağıq”.

Məlumatda həmçinin qeyd olunub ki, ki, artıq 3 ildir ki, İmişli Şəkər Zavodu zərərlə işləyib.

Qeyd edək ki, İmişli Şəkər Zavodu Azərbaycanın ən böyük zavodlarındandır. Gündə 1100-1200 ton yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malik zavodda 1400 nəfər çalışır. /Yeni Sabah/

Oxşar xəbərlər