Bu dairədə toqquşan milyonçu oğlu və məmur oğlu geri çəkildi

Bu dairədə toqquşan milyonçu oğlu və məmur oğlu geri çəkildi 113 saylı Şəki şəhər seçki dairəsində toqquşan və namizədlikləri qeydə alınan milyonçu oğlu ilə məmur oğlu seçkidən geri çəkilib.

Turkustan.info xəbər verir ki, ilk gündən “ölüm qrupu” adlanan dairədən namizədliyini irəli sürən xüsusilə iki gənc diqqət çəkirdi. Onlardan biri vaxtilə Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadə idi.

Nicat Mustafazadə “Kapital Bank” ASC-də aparıcı mütəxəssisdir, İngiltərənin Durham Biznes Məktəbinin məzunudur. Atası Nasir Mustafazadə “Azəri Servis” LTD-nin rəhbəridir, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb.

Bir neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində 554 mənzil aldığı və sonradan bütün mənzilləri türk iş adamına 22 milyon 800 min avroya satdığı məlum olmuşdu. İndi oğlu N.Mustafazadənin Şəkidən deputatlığa iddialı olması və sonradan imtina etməsi maraq doğurub.

Dairədən namizədliyini vermiş, daha sonra seçkidən imtina edən digər şəxs isə Şəkinin icra başçısının müavini Firon Əliyevin oğludur. Firon Əliyevin 1988-ci il təvəllüdlü oğlu Toğrul Əliyev də məlum olmayan səbəbdən seçkidən geri çəkilib.

Xatırladaq ki, Toğrul Əliyev keçmiş vergilər naziri Fazil Məmmədova məxsus “SYNERGY GROUP” MMC-də Kommersiya departamenti direktoru vəzifəsində çalışır.

Hazırda sözügedən dairədən yeganə iddialı namizəd YAP-çı Vüqar Yapon oğlu İsgəndərovdur. Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəki şəhər Təşkilatının sədr müavini olan V.İsgəndərov idmançı kimi tanınır. Hazırda ən təhlükəli namizədləri geri çəkilən V.İsgəndərovun deputatlıq şansı yüksək qiymətləndirilir. /Axar.az/

Oxşar xəbərlər