XALQININ VƏ DÖVLƏTİNİN KEŞİYİNDƏ DURAN AZƏRBAYCAN POLİSİ

XALQININ VƏ DÖVLƏTİNİN KEŞİYİNDƏ DURAN AZƏRBAYCAN POLİSİ Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarından biridir. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə olunanda azad olur. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülmüşdür. Tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib. Hüquq-mühafizə sistemində polisin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib.
Azərbaycanda polisin yaranmasını və inkişafı mərhələlərini diqqətlə izləsək görərik ki, bu tarix Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə birbaşa bağlıdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra ilk Müvəqqəti Milli Hökumət yaradıldı. Ölkənin hüquq-mühafizə sisteminin yaradılması və möhkəmləndirilməsi əsas prioritet məsələ kimi Şərqin ilk demokratik dövlətini yaradanları dərindən düşündürdü və bu istiqamətdə lazımi addımlar atıldı. Fətəli xan Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin birinci Nazirlər Kabinetinin sədri kimi həm də daxili işlər naziri vəzifəsini öz üzərinə götürdü. Mayın 29-da DİN digər nazirliklər kimi fəaliyyətə başladı. Azərbaycan Xalq Cümhuriyyəti DİN-in ilk və başlıca vəzifələri – ölkədə daxili sabitliyə nail olmaq və hüquq normalarına riayət olunmasını təmin etmək, cinayətkarlıqla mübarizə aparmaq, milliyyətindən və dinindən asılı olmayaraq bütün vətəndaşların həyatını, əmlakını və hüquqlarını qorumaq, milli ordu, təhlükəsizlik qüvvələri ilə birlikdə ərazi bütövlüyümüzə və suverenliyimizə qəsd etməyə çalışan hər hansı təcavüzkar qüvvələrə qarşı mübarizə aparmaqdan ibarət idi.
Təsadüfi deyil ki, əsrin əvvəllərində Azərbaycan müstəqilliyini elan etdikdən dərhal sonra 1918-ci il 2 iyulunda Xalq Cümhuriyyəti 24 iyun tarixli 178 saylı qərarının icrası olaraq Yelizavetpol (Gəncə) quberniyasında ilk milli nizami polis orqanları yaradıldı və onların yeni ştatları təsdiq edildi. Bu sadəcə formal xarakter daşımırdı. Cənubi Qafqaz respublikaları içərisində Azərbaycan yeganə dövlət idi ki, bu dövlətin təsis etdiyi polis Azərbaycan xalqının və Azərbaycan dövlətinin azadlıq və müstəqilliyi naminə erməni separatizminə qarşı əzmkarlıqla mübarizə apardı, həm də 1920-ci ildə Sovet Rusiyasının zirehli qatarı Azərbaycan sərhədlərini qəsbkarlıq məqsədilə keçib ölkəyə daxil olarkən, sözün həqiqi mənasında, böyük fədakarlıq göstərdi.
Lakin həmin dövrdə bəşəriyyətin əxlaq kodeksində ciddi təbəddülatlar baş verdi. Ədalət gücdədir prinsipi zamanın hakimi idi. Məhz bu prinsiplə, 1920-ci ilin aprelin 27-də işğalçı XI Qızıl Ordu Bakıya daxil oldu və Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradaraq, həmin ilin aprel ayının 28-də Azərbaycanda sovet hakimiyyətini qurdu. O vaxtdan başlayaraq Azərbaycan polisi yeni son dərəcə mürəkkəb və dərin milli-psixoloji çətinliklərlə müşayiət olunan bir mərhələyə daxil oldu. 1920-ci ilin aprelin 29-da Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyəti polisinin buraxılması və fəhlə-kəndli milisinin təşkili haqqında Azərbaycan İnqilab Komitəsinin qərarı verildi. Daha sonra isə Azərbaycan İnqilab Komitəsinin qərarı ilə Azərbaycan SSR Xalq Komissarları Soveti yaradıldı və Həmid Sultanov Azərbaycan SSR-in ilk Xalq Daxili İşlər Komissarı təyin edildi.
Sovetlər birliyinin mövcud olduğu 70 illik müddət ərzində problemlərə və çatışmazlıqlara baxmayaraq, Azərbaycan polisinin inkişafı istiqamətində mühüm irəliləyişlərə nail olundu. Azərbaycanda Sovet hakimiyyəti 1991-ci ilə qədər davam etdi. 18 oktyabr 1991-ci ildə Azərbaycan SSR-in Ali Soveti “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edərək, Azərbaycan Respublikasının müstəqilliyini bütün dünyaya bəyan etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunana qədər Sovetlər birliyində yaşamağa məhkum olan Azərbaycan və xüsusilə də Azərbaycan polisi olduqca çətin və şərəfli bir yol keçmişdir. Əlbəttə ki, 1988-1991-ci illərdə Ermənistanın Azərbaycana təcavüzü baş verən zaman Azərbaycan polisinin göstərdiyi qəhrəmanlıq nümunələri ayrıca tədqiqatın mövzusudur. O zamanlar siyasi hakimiyyətdə mövcud olan boşluqlar, milli məsuliyyət hissindən uzaq olan insanların hakimiyyətə təsadüfi gəlişləri və onların dövlətçiliyə biganə münasibətləri Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağda Azərbaycan polisini Ermənistan dövləti və onun havadarları ilə üz-üzə qoydu. Qeyri-bərabər döyüşlərdə Azərbaycan polisi öz şərəfini qorumaqla yanaşı, həm də düşmənə ağır itkilər verdi. Şuşada, Xocalıda, Laçında və Dağlıq Qarabağın digər yaşayış məntəqələrində misilsiz igidliklər göstərdilər. Neçə-neçə polis zabiti və sıravi əməkdaş qəhrəmanlıq tariximizə yeni imzalar atdı. Müstəqilliyə keçid dövrünü olduqca ağır yaşayan Azərbaycanda bütün digər strukturlar kimi hüquq-mühafizə orqanları da keşməkeşli bir yol keçdi. 1993-cü ildən başlayaraq hüquq-mühafizə orqanlarının yeni inkişaf mərhələsi başladı. Hüquq-mühafizə sisteminin inkişaf mərhələlərini isə ümummilli lider Heydər Əliyevsiz təsəvvür etmək qətiyyən mümkün deyil. Azərbaycanın hüquq- mühafizə sistemi və ümummilli lider Heydər Əliyev mövzusuna kompleks şəkildə nəzər salsaq görərik ki, bu sistemdə formalaşma proseslərinin bünövrəsi və başlanğıcı hələ 1969-cu ildə ulu öndərin hakimiyyətə birinci dəfə gəlişi dövründən başlayır.
Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi təyin olunana qədər respublikanın bütün digər sahələrində olduğu kimi, hüquq-mühafizə orqanları sistemində və eləcə də beynəlxalq təcrübəyə, həm də dünya standartlarına cavab verən hüquqşünasların hazırlanması istiqamətində nəinki heç bir əməli addım atılmamış, bu barədə heç düşünülməmişdi. Xalqın və millətin ehtiyaclarını yalnız böyük liderlər duya bilər və bu ehtiyaclar yalnız böyük liderlər tərəfindən ödənilə bilər. Birinci dəfə hakimiyyətə gəldiyi ilk andan ümummilli lideri düşündürən əsas faktorlardan biri, bəlkə də birincisi bu idi: necə etmək olar ki, imperiyasız, yəni ittifaqsız Azərbaycan yaşaya bilsin? Cəmiyyətə hər şeydən əvvəl hüququn, qanunun və qanunun keşiyində duran insanların lazım olduğunu dəqiq bilən Heydər Əliyev ölkədə və eləcə də xaricdə təhsil alan sözün həqiqi mənasında, savadlı milli hüquqşünas kadrların hazırlığına diqqəti artırdı. Respublikada kadr potensialının gücləndirilməsi məqsədilə atılan addımlar bir neçə ildən sonra öz bəhrəsini verdi. 1973-cü ildə isə şəxsi prinsipiallığı və əzmkarlığı ilə İttifaq hökumətinə təsir edərək Bakıda Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olan milli lider Heydər Əliyev bu sahədə, demək olar ki, ən böyük fundamental təhsil kompleksinin əsasını qoydu. 1921-ci ilin sentyabrın 28-də Bakı Milis Məktəbi kimi təsis edilən, 1957-ci il fevralın 23-də Bakı Xüsusi Orta Milis Məktəbi kimi fəaliyyətini davam etdirən bu təhsil müəssisəsinin bazasında 1992-ci il mayın 23-də Azərbaycan Polis Akademiyası yaradıldı. Bu ali təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək peşəkar milli polis kadrlarının hazırlanması istiqamətində əldə edilən nailiyyətlər ümummilli lider Heydər Əliyevin Azərbaycan polisinin inkişafından ötrü atdığı ən böyük addımlardan biri idi.
Sovetlər dönəmində hər il Moskvaya kadr sifariş verən Azərbaycan artıq özü hüquq-mühafizə sistemi ilə bağlı kadr hazırlayan bir respublikaya çevrildi. Qeyd edilənlər artıq müstəqil Azərbaycanın özünü idarə etmək üçün kifayət qədər infrastruktura və kadr potensialına malik olmasına dəlalət edirdi.
Müstəqillik əldə edildikdən sonra isə Heydər Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycanda demokratik hüquqi dövlət quruculuğunun möhkəm əsasları qoyulmağa başladı. Xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olmasını, idarəçiliyin hakimiyyət bölgüsü prinsipi ilə təşkil edilməsini təsbit edən Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə məhz Heydər Əliyevin sədrliyi ilə hazırlandıqdan sonra referendum yolu ilə qəbul olundu. Bu sonralar həyata keçiriləcək hüquqi-demokratik islahatlar üçün möhkəm və əsaslı bazaya çevrildi. Ölkəmizin Avropa təsisatlarına (AŞ və s.) inteqrasiyası məqsədilə beynəlxalq konvensiyalara əsaslanan bir sıra qanunlar işlənib hazırlandı. Fikrimizcə, bu normativ-hüquqi aktların qəbulunu Azərbaycanın beynəlxalq hüququn subyektinə daxil olması baxımından ən vacib addımlardan biri kimi qiymətləndirmək olar.
Ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, sağlam vətəndaş cəmiyyəti qurmaq, güclü Azərbaycan dövləti yaratmaq üçün başlıca amil sabitlik və əmin-amanlıqdır. Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Buna görə də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsaslı islahatlar davam etdirilərək qanun yaradıcılığı sahəsində ciddi nailiyyətlər əldə olundu. Ümummilli lider Heydər Əliyev hələ 1994-cü ildə “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı imzalamaqla dövlət quruluşunun mühafizəsinə və insan hüquq və azadlıqlarına yönələn cinayətkar qəsdlərə qarşı mübarizədə əsaslı dönüş yaratdı. Aparılan islahatlar nəticəsində ölkədə cinayətkarlığın sayı, demək olar ki, minimuma endirildi. Sabit, güclü və işlək qanunların yaradılması cəmiyyətin ehtiyaclarından irəli gəlirdi. Əslində bu, eləcə də digər normativ aktların və hüquqi sənədlərin qəbulu 1994-1996-cı illərdə dövlətə qarşı cinayətkar qəsdlərlə üzləşən Azərbaycan cəmiyyətinin və Azərbaycan vətəndaşının sosial sifarişinin nəticəsi idi. Azərbaycan Respublikasının Prezidenti ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul “Azərbaycan Polisi günü” elan olundu.
Çox keçmədi “Məhkəmələr və hakimlər”, eləcə də “Prokurorluq haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar hazırlanaraq qüvvəyə mindi. Penitensiar sistemdə əsaslı islahatların həyata keçirilməsi üçün ciddi hüquqi tədbirlərə başlanıldı. Hüquq sisteminin heç bir sahəsi islahatlardan kənarda qalmadı.
Heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin hüquqi-demokratik dövlət quruculuğu ilə bağlı xidmətləri böyük bir elmi araşdırmanın mövzusudur və hesab edirəm ki, bu uzun illər hüquq elminin tədqiqat obyekti olacaq. “Polis haqqında” Qanunun qəbulu isə ölkədə vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanının yaradılması demək idi. Qanun, insan hüquq və azadlıqlarını təmin etmək və polisin fəaliyyətini tənzimləmək baxımından son dərəcə böyük əhəmiyyətə malikdir. Həmin qanunla polisin fəaliyyətini tam tənzimləyən hüquqi əsasları yaradıldı. Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan polisin təyinatı həmin qanuna görə vətəndaşların həyatını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətlərini hüquqazidd əməllərdən qorumaqdan ibarətdir.
Beləliklə, bütövlükdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qanunlar və imzalanan fərmanlar müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində möhkəm hüquqi bazanı formalaşdırdı. Hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Bu, hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır və bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir.

Oxşar xəbərlər