Qış gəldi, qazdan zəhərlənmələr başladı: Bədbəxt hadisələrin 95 faizi hamamda baş verir

Qış gəldi, qazdan zəhərlənmələr başladı: Bədbəxt hadisələrin 95 faizi hamamda baş verir Qış qapını döyməmiş dəm qazından zəhərlənənlər xəstəxana qapılarını “döyməyə” başlayıb. Dəm qazı artıq nə yaya, nə qışa baxır. Hətta yay aylarında da hamam otağında dəm qazından zəhərlənmə hallarının baş verdiyini görürük. Problem dərindir. Fəlakəti törədənsə təkcə payız-qış mövsümü mənzilləri isitmək üçün istifadə olunan sobalar deyil, həm də mətbəx və hamam otaqlarında quraşdırılmış kustar üsullu su qızdırıcıları, “pyatiminutka”lardır. Sonuncununsa adı kimi, zəhərlənmə verməsi də sürətli – 5 dəqiqənin içində baş verir.

Bu günlərdə Bakıda bir ailənin hamısı dəm qazından zəhərlənib. Hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.
Səhiyyə Nazirliyinin Facebok səhifəsində verilən xəbərə görə, qəsəbənin İsgəndərov küçəsi 48 ünvanından bir ailənin 4 üzvü: ata 35 yaş, ana 32 yaş, övladları: 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Xoşbəxtlikdən ölüm hadisəsi olmayıb. Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşılaşıb və onlar evə buraxılıblar.



Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlamasında dəm qazından boğulma halları ilə bağlı vaxtaşırı xəbərlər yayıldığını, lakin nə qədər maarifləndirmə aparılsa da, insanlar öz həyatlarına biganə, qazla bağlı isə təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşdıqlarının şahidi olduğumuzu bildirdi:

"Dəm qazının qurbanına çevrilməmək üçün ilk növbədə evdə olan qaz cihazlarına kənar müdaxilə etməmək lazımdır. Standartlara uyğun olmayan qaz cihazlarını, yaxud ehtiyat hissələrini almaq, kustar üsulla hazırlanan qaz cihazlarından istifadə etmək, qeyri-metal borular ilə evə qaz xətti çəkmək dəm qazını yaradan əsas amillərdir. Bu kimi hallara tez-tez rast gəlinir ki, insanlar kustar üsulla hazırlanan, mənşəyi, istehsalçı firmanın adı, uyğunluq sertifikatı olmayan istilik cihazlarından alır, evdə quraşdırırlar. Bu, potensial təhlükə riskidir, amma insanlar bunu nəzərə almır. Dəm qazı iysiz, dadsız və rəngsizdır. Havadan yüngül qazdır. Ona görə onu hiss etmək olmur. İnsana dəm qazının təsiri baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq kimi təsir edir. Dəm qazını, yəni karbon monoksidi yaradan səbəb isə yanma prosesinin düzgün getməməsidir. Başa düşülən olsun deyə belə deyim; yanma prosesi düzgün getmir və natamam yanma nəticəsində ayrılan qaz karbon 4 oksid əvəzinə karbon 2 oksidə çevrilir. Yanma düzgün gedərsə, ayrılan qaz karbon 2 oksidə çevrilərək xaric olur. Ona görə insanlar bilməlidir ki, dəm qazını yaradan səbəb qaz sobalarında yanma prosesinin düzgün getməməsidir. Tüstü bacaları ildə iki dəfə təmizlənməli, tüstü borularında yamaq, kəsik – deşik olmamalıdır. Tüstü boruları zədəli olarsa, dəm qazının yaranması qaçılmaz hal alır.

Gəlin baxaq, dəm qazından zəhərlənmə halları əsasən evdə harada baş verir. Yataq otağı, bir də əsasən hamam otaqlarında. Hamam otağında dəm qazından zəhərlənmə halları demək olar 95 faizdən çoxdur. Ən çox hamam otağında dəm qazı ilə zəhərlənmə baş verməsinə səbəb hamam otaqlarının standartlara uyğun olmamasıdır. Normalda hamam otaqları 7kv olmalıdır. Ancaq 2-3 kv olan hamam otaqları da var ki, orada kustar üsulla hazırlanan soba qoyulur. Onu qeyd edim ki, dəm qazı olan hava ilə insan tənəffüs etdikdə 7 dəqiqədən sonra ölüm təhlükəsi yarana bilər. Otaqda 0.1 faiz dəm qazı belə bəsdir ki, insanın ölümünə səbəb olsun. Hamam otağının qapısının aşağı hissəsində xırda dəliklər olmalıdır. Bu, içəridə hava ventilyasiyası üçündür. Hamam otağında nəfəslik daim açıq olmalıdır. Bədbəxt hadisələr baş verməsin deyə bunlara məsuliyyətlə yanaşmaq lazımdır. Dəm qazı ilə zəhərlənmə olarsa, həmin insanı otaqdan bayıra təmiz havaya çıxarmaq, əynindəki paltarın yaxasını açmaq, yarıoturaq vəziyyətdə alnına soyuq kompres qoymaq və ehtiyac olarsa, süni nəfəs vermək lazımdır. Əgər huşu özündədirsə, isti çay, yaxud limonlu çay vermək və dərhal təcili tibbi yardım çağırmaq lazımdır.

Daha sonra evdə riayət edilməli olan təhlükəsizlik qaydaları da var. Birincisi, evin havasını gün ərzində səhər, günorta və axşam dəyişmək lazımdır. Qaz cıhazını yandıran zaman evdə qaz qoxusunun olub-olmamasına əmin olmaq lazımdır. Bundan sonra kibriti çəkərək qazı yandırmaq lazımdır. Buna bayırdan evə gələndə də mütləq əməl etmək lazımdır. Bizdə adətdir, çöldən evə daxil olan kimi dərhal işığı yandırırıq. Ancaq bu təhlükəlidir. Ola bilsin siz evdə olmayanda qaz sızması yaranıb və siz işığı yandırdığınız zaman partlayış ola bilər. Ona görə çöldən içəri girəndə evdə qaz qoxusunun olmamasına əmin olduqdan sonra işığı yandırmaq lazımdır. Əgər qaz qoxusu gələrsə, onda qapı-pəncərəni açmaq, evin havasını dəyişmək, elektrik cihazlarından istifadə etməmək və aidiyyəti üzrə müvafiq quruma məlumat vermək lazımdır".

Oxşar xəbərlər