Fəzail Ağamalı: “Bu region xoşagəlməz bir mərhələyə qədəm qoyub”

Fəzail Ağamalı: “Bu region xoşagəlməz bir mərhələyə qədəm qoyub” Tiflisdə mitinqlər səngimir. İranda da gərginlik artmaqdadır. Tiflisdəki gərginliyin ölkəmizə sıçrama ehtimallarının olub-olmadığı yönündə fərqli fikirlər səslənir. Son olaraq, generalların təyinatı ilə bağlı BBC Azərbaycancada siyasi təhlilçi, Oxford Universitetinin alimi Leyla Əliyeva təhlil yazısı ilə çıxış edib. O yazır ki, prezidentin təyinatları regiondakı gərginliklərlə bağlı ola bilər.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, ölkə prezidentinin atmış olduğu bu addım onun həyata keçirməkdə olduğu islahatların tərkib hissəsidir: “Məlum olduğu kimi, 2018-ci ilin aprel seçkilərindən sonra dövlət başçısı bütün istiqamətlərdə həm idarəetmə sisteminin təkmilləşdirilməsi, həm iqtisadi inkişafımızın yüksəlməsini təmin edən sosial problemlərimizin həlli və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinin, bunların xarakter daşımasının əsasını qoyan sərəncamlar imzaladı. Cənab generallarımızla bağlı qərar islahatların tərkib hissəsidir. Bu təyinatlar Azərbaycan dövlətçiliyinin güclənməsinə, buna qarşı təhdidlərin peşəkar səviyyədə aradan qaldırılmasına, dövlətimizin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş olan addımlardır. Hər 4 general fəaliyyətləri ilə dövlətçiliyimizə daim sədaqət nümayiş etdiriblər. Həmçinin onlar yüksək səviyyədə olan peşəkar generallarımızdır. İndiyə qədər çalışdıqları sahələrdə sınaqdan yüksək səviyyədə çıxa biliblər.

Dövlətçiliyimizin ən ağır vaxtlarında dövlətimizlə bərabər olublar. Ramil Usubov Azərbaycanda müasir polis sisteminin qurulmasında, daxili sabitliyimizin təmin olunmasında böyük rol oynayıb. Təhlükəsizlik Şurasının daha peşəkar, işləri hüquqi baxımdan görən generala verilməsi təqdirəlayiqdir. Mədət Quliyev Azərbaycan dövlətçiliyinə qarşı qalxan, hakimiyyəti zorakılıqla ələ keçirməyə çalışanlara qarşı mübarizə aparan, sağlamlığını, həyatını bu yolda qurban verməyə hazır olan milli qəhrəmanımızdır.

O, DTX-yə rəis gəldikdən sonra əvvəlki nazir Eldar Mahmudov və onun bandasının bu sistemə vurduğu zərbəni aradan qaldırmaq üçün özünün şəxsi keyfiyyətlərini, intellektini ortaya qoydu, vurulan zərbəni aradan qaldırmağa nail oldu. Vilayət Eyvazov gənc yaşlarından bu sistemdə çalışan, öz zəhməti ilə bu yerə çatan generaldır. Dövlətçiliyimizə, ulu öndərimizə və cənab prezidentə sədaqətini daim sübut edib. Xatırlayıram ki, 2003-cü ildə seçkilərdə məğlub olan və hakimiyyəti zorla ələ keçirməyə çalışanlara qarşı Vilayət Eyvazov bir vətəndaşlıq nümunəsi ortaya qoydu.

Heç nədən çəkinmədən o proseslərin qarşısının alınmasında mühüm rol oynadı. Əslində o meydanda birinci oldu. Əli Nağıyev isə həyatı və fəaliyyəti təhlükəsizlik sistemi ilə bağlıdır. Adi bir işçidən general rütbəsinə qalxıb. Onun bu sahəyə gətirilməsi də çox müsbət qərardır. Ondan əvvəlki generalımız nə dərəcədə dövlətçiliyimizə sadiq olsa da, təhlükəsizlik sistemində çalışan biri deyildi. Bu sahənin başında hər zaman peşəkar rəhbər dayanmalıdır. Bu generallarımızın hər biri bundan sonra da üzərlərinə düşənləri layiqincə yerinə yetirəcəklər. Heç şübhəsiz ki, ölkədəki sabitlik həm də xarici amillərlə müəyyən olunur. Azərbaycan bu gün elə bir regiondan yerləşir ki, bu region xoşagəlməz bir mərhələyə qədəm qoyub. Regionumuzda ciddi qarşıdurmalar var. Amerika-İran, Amerika-Rusiya qarşıdurması yaşanır. Qonşuluğumuzda düşmən Ermənistan var.

Gürcüstanda da ciddi gərginliklər yaşanır. Qazaxıstanı da bu sıraya əlavə edə bilərik ki, artıq orada da qarşıdurmalar müşahidə olunmağa başlayıb. Belə bir vəziyyətdə ölkənin xaricindən gələn təhlükələrin, təzyiqlərin qarşısını almaq üçün məhz bu cür dəyişikliklərə ehtiyac duyulurdu. Onların bu təyinatları heç şübhəsiz ki, xaricdən gələn təzyiqləri, təhlükələri aradan qaldırmağa yönələn bir addımdır. Əminəm ki, cənab generallarımız bu istiqamətdə onlara tapşırılan işlərin öhdəsindən uğurla gələcəklər, dövlətçiliyimizin, təhlükəsizliyimizin, sabitliyimizin qorunmasında öz töhfələrini verəcəklər. Sizin qəzetiniz vasitəsilə onların hər birini təbrik edir, şərəfli yolda uğurlar arzulayıram”.

Deputat Tiflisdəki gərginliyin ölkəmizə təsirlərinin olub-olmayacağı barədə də danışdı: “İstisna etmirəm ki, bu gün Azərbaycana qarşı da təzyiqlər var. Bu təzyiqlər əsasən kənardan gəlir. Ölkəmizdə gedən proseslərə, inkişafa qısqanclıq var. Bu qısqanclıq bir sıra hallarda açıq xarakter daşıyır. Bəzi hallarda açıq təzyiqləri görmək də mümkündür. Erməni lobbisinin təsirləri ilə bu cür təzyiqlər də olur. Burada xristian təəssübkeşliyinin olduğunu da unutmayaq. Digər amillər də özünü göstərir. İstisna etmirəm ki, ölkəmizə qarşı təzyiqlər daha çox Qərbdən gəlir. Ölkə prezidentinin atmış olduğu bu addımlar dövlətçiliyimizə qarşı yönələn bu cür təhdidlərin aradan qaldırılmasında ciddi rol oynayacaq. Bizim üçün ən vacib olanı ölkənin daxili sabitliyidir. Bir sıra ölkələrin hansı durumda olduğunu bu gün də müşahidə edirik. Həmin ölkələrin daxillərində ayrı-ayrı qüvvələr ələ alınır və onların vasitəsilə daxili gərginlik yaradılır. Bunun da nəticəsində sabitlik pozulur.

Qərb dairələri də öz istədiklərini həyata keçirməyə başlayırlar. Bu, Azərbaycanda da istisna olunmur. Daxilimizdə olan bəzi qüvvələr anti-Azərbaycan qüvvələrlə birlikdədirlər. Belə qüvvələr tək daxildə deyil, xaricdə də az deyil. Bu qüvvələr hər zaman təhlükədir. Onların qarşısını almağın əsas yollarından biri də ölkə daxilində sabitliyin qorunub saxlanılmasıdır. Operativ məlumatları əldə edərək, təhlil etdikdən sonra onun aradan qaldırılması, təhlükələrdən vaxtında xəbər tutub bununla bağlı önləyici tədbirlərin görülməsi olduqca vacibdir”.

Oxşar xəbərlər