Ümid qapısı- “Bilgəh” Kardioloji Sanatoriyası

Ümid qapısı- “Bilgəh” Kardioloji Sanatoriyası Muxtar Əhmədov: “ Ölkəmizdə insanlara qayğı, diqqət çox böyükdür”

Azərbaycanda ən yaxşı və xəstələrin daha çox müraciət etdiyi sanatoriyalardan biri “Bilgəh” Kardioloji Sanatoriyasıdır. Mən də infakt keçirdiyimə görə iki dəfə bu Sanatoriyada mualicə olmuşam. 2002-ci və 2017-ci illərdə. Taleh qismət edib ki, hər iki dəfə burada olanda yalnız yaxşı, öz işlərinin mütəxəssisləri olan həkimlər və tibb işçiləri ilə rastlaşmışam. Ümumiyyətl burada Sanatoriyanın baş həkimi və Respublikanın Əməkdar həkimi Muxtar Əhmədov başda olmaqla bütün işçilər elə bil ki, özlərinin gözəl xasiyyətinə, xəsətələrə yüksək diqqətinə və öz sənətlərinin yüksək mütəxəssisi olmaları ilə seçilib, işə götürülüblər.

On beş il bundan qabaq burada necə böyük mehribançılıq, birlik, diqqət, qayğı görmüşdümsə, bu il də həmin diqqəti, mehribançılığı, qayğını, hamının öz işinə can yandırmasını, xəstələrə böyük məhəbbətini, istəyini gördüm. Burada müalicə alanların da hamısından Sanatoriyanın işçiləri haqqında, başda Muxtar həkim olmaqla yalnız xoş sözlər eşitdim. Və fikirləşdim ki, belə kollektivlə doğrudan da böyük işlər görmək olar. Əlbəttə, bütün bunlar da baş həkimin öz işinin yüksək mütəxəssisi olmasından, yüksək təşkilatçılığından, bütün işçilərə böyük diqqətindən, ziyalılığından və ən əsası da mehribançılığından irəli gəlir.

Ümid qapısı- “Bilgəh” Kardioloji Sanatoriyası

“Bilgəh” Kardioloji Sanatoriyasının yaranma tarixi çox maraqlıdır. Belə ki, Abşeron yarımadasında Bilgəhin havası, təbiəti daha çox müalicəvi olduğuna görə Böyük Vətən Müharibəsindən sonra Azərbaycan rəhbərliyi belə qərar qəbul edib ki, burada bir pansionat, istirahət evi tikilsin. Beləliklə, həmin bu əsas korpusun tikilməsində bizim işçilərlə birlikdə alman əsirləri də yaxından iştirak ediblər. Elə binanın xarici görünüşü və daxili də Avropa arxitekturası, layihəsi üslubundadır. Yəqin ki, bunanın memarları da elə almanlar özləri olublar. Bu bina çox möhkəmdir və içəri heç bir nəmişlik vermir. Otaqlar da çox geniş və işıqlıdır. Beləliklə, 1946-47-cı illərdən-1970-ci illərə kimi bura 250 yerlik istirahət pansionatı olub. Belə ki, burada yaxşı hava, müalicəvi, təmiz suyu olan dəniz və dincəlmək üçün hər cürə şərait olduğuna görə həftənin istirahət günləri təkcə Azərbaycandan yox, SSRİ məkanından insanlar gəlib dincəlirmişlər. 1971-ci ildən dövlət səviyyəsində belə qərar qəbul olunub ki, bura “Bilgəh” Kardioloji Sanatoriyası olsun. Çünki buranın havası, yerdən təbii çıxan mineral və müalicəvi yod-brom suları ürəyə çox yaxşı, müalicəvi təsir etdiyinə görə məhz belə qərar qəbul olunub. Beləliklə, qısa vaxtda burada əlavə korpuslar da tikilərək 300 yerlik sanatoriya olub və artıq keçmiş Sovetlər Birliyindən də bura daha çoxlu insanlar, ürək xəstələri gəlmyə başlayıblar. Artıq son zamanlar burada aparılan yüksək səviyyəli təmirin və yeni tikililərin nəticəsində Sanatoriyada eyni vaxtda 450 adamın müalicə alması üçün hər cürə yüksək şərait var. Otaqlarda da xəsətələr üçün lazım olan yüksək şərait yaradılıb. Müalicə aparatları da müasir və yenidir. Ən əsası odur ki, bu sanatoriya mövsümü deyil. Bütün il boyu ərzində buarada insanlar müalicə ala bilərlər. Çünki otaqlar qış vaxtı da lazım olan səviyyədə qızdırılır, bütün günü də otaqlara isti və soyuq su gəlir. Burada xəstələrə verilən yeməklər də çox yüksək səviyyədədir. Sanatoriyanın Xəzər dənzinin sahilində yerləşməsi, havada yod-bromun olması, rütubətin olmaması buranı daha çox məşhurlaşdırıb. Həm də bu ərazidə təbii yod-bromun çıxması da ürək xəstələrinə təbii yod-brom müalicəsinin aparılması da insanların bura gəlməsinə marağı daha çox artırıb. Həm də bu sanatoriyada insanların ürək xəstəliyindən sağalma effekti 92-93 faizə çatır.

“Bilgəh” Kardioloji Sanatoriyasında müalicə alanlara xidmət edən işçilərin sayı isə 178 nəfərdir. Onlardan 17 nəfəri həkim, 24 nəfəri tibb bacısı və qalanları da texniki işçilərdir. Deməli, bu sanatoriyada böyük kollektiv çalışır. Hamı da əlindən gələni edir ki, xəstələrə burada diqqət, xoş münasibət çox olsun.

Yuxarıda yazdığım kimi “Bilgəh” Kardioloji sanatoriyasının baş həkimi, Əmkdar həkim Muxtar Əhmədovdur. Yüksək mədəniyyətə, böyük təşkilatçılıq qabiliyyətinə malik olmaqla yanaşı onun həkimlik sahəsində 48 ildən çox təcrübəsi var.

Qısa arayış: Muxtar Qədir oğlu Əhmədov 1948-ci ilin iyul ayının 4-də həkim ailəsində anadan olub. 1965-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olub. 1971-ci ildə ali təhsilli həkim kimi təyinatla Azərbaycan Respublikası Kurortlar İdarəsinə göndərilib. Elə həmin ilin avqust ayının 2-dən Naftalan Kurort Birliyində həkim kimi əmək fəaliyyətinə başlayıb. Özünü yaxşı mütəxəssis və yüksək səviyyəli təşkilatçı insan kimi sübut etdiyinə görə Müxtar həkimi 1976-cı ildən Nattalan Kurortlar Birliyinin tabeçiliyində olan “Hacıkənd” İstirahət Evinə baş həkim-direktor təyin ediblər. Burada yüksək səviyyədə işlədiyinə görə Muxtar Əhmədovu 1980-ci ildə Naftalanda yenicə açılan “Çinar” Sanatoriyasına baş həkim vəzifəsinə təyin ediblər. Yadımdadır ki, “Çinar” Sanatoriyası həmin vaxtlar çox məşhur idi. Muxtar həkim burada da özünü yüksək işgüzar, savadlı həkim və təşkilatçı rəhbər kim sübut etdiyinə görə onu qısa vaxtda Natfalar Kurortlar Biliyinin baş həkimi vəzifəsinə təyin ediblər. Onun işi hər yerdə yüksək qarşılanıb. Naftalardakı Sanatoriyalara gələn insanlar da həmişə buradan razı gediblər. Həmin vaxtı Respublika və Ümumittifaq mətbuatında Naftalar Kurortlar Birliyi haqqında tez-tez xoş sözlər, maraqlı məqalələr, oçerklər yazılırdı.

2000-ci ilin əvvəlindən isə artıq “Bilgəh” Karioloji Sanatoriyasına rəhbərlik edən Müxtar Əhmədov özünü daha yaxşı işçi və mütəxəsis kimi burada da sübut edib. Bu müddət ərzində Sanatoriya və Muxtar həkim haqqında bir-birindən maraqlı məqalələr yazılıb. Onun bu maraqlı xidmətləri dövlət tərəbindən də yüksək qiymətləndirilib. Belə ki, Müxtar Qədir oğlu Əhmədov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəcmı ilə 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar Həkimi fəxri adına layiq görülüb. Sanatoriyaya rəhbərlik etdiyibu 18 ildə Muxtar həkimin sayəsində burada çoxlu işlər görülüb. Belə ki, Sanatoriya yüksək səviyyədə təmir olunub və əlavə korpuslar tikilib. Və bura Muxtar həkimin sayəsində öz işinin yüksək mütəxəssisləri olan insanlar işə götürülüb. Məhz bütün bunların sayəsində də “Bilgəh” Kardioloji Sanatoriyası Respublikamızın ən yaxşı Sanatoriyasıdır desəm, yanılmaram. Çünki mənim Azərbaycanda olan müalicəvi sanatoriyaların demək olar ki, hamısından xəbərim var və onların işləri ilə də yaxşı tanışam.

- Muxtar həkim, əlbəttə, burada görülən bütün işlər bilavasitə sizin rəhbərliyiniz və böyük təşkilatçılığınızla görülür. Xahiş edirəm burada çalışan həkimlər və tibb işçiləri haqqında çoxminli oxucularımıza qısa məlumat verin.

- Mən bura rəhbərlik etdiyim ilk gündən hamının qarşısında belə bir ali məqsəd qoymuşam: “Xəstələrə yüksək səviyyədə xidmət etmək, hamımızın əsas və ümdə işi olmalıdır”. Ona görə də burada çalışan 17 həkimin və 24 nəfər tibb bacısının, başqa texniki işçilərin hamısı əllərindən gələni edirlər ki, xəstələrə yüksək səviyyədə xidmət etsinlər. Həkimlərimizin hanısı ali dərəcəli və böyük təcrübəsi olan kardioloji həkimləridir. Həkimlərimizdən Aki Quliyev tibb üzrə fəlsəfə doktorudur. Rima Nəcəfova isə Əməkdar həkimdir. Başqa həkimlərimizin də bu sahədə böyük təcrübələri var. Məhz bizim bütün həkimlərimizin, tibb bacılarımızın sayəsində xəstələr burada ən azından 92-93 faiz sağalıb evlərinə gedirlər. Bu, böyük göstəricidir. Həmin xəstələr burada olan ali dərəcəli həkimlərə və yüksək ixsisaslı tibb bacılarına görə sonrakı illərdə də məhz bizim Sanatoriyaya gəlirlər. Bura müalicə olunmaq üçün elə xəstələr gəlib ki, onları bura gəlməmişdən əvvəl həkimlər məcbur ediblər ki, əgər cərrahiyyə olunmasalar dünyalarını dəyişəcəklər. Amma onlar burada müalicə olunandan sonra cərrahiyyəyə, açıq əməliyyata heç bir ehtiyac qalmayıb. Onlar özlərini gümrah hiss edirlər.

Sanatoriyamızın haradasa 19,2 hektar sahəsi var. Gördüyünüz kimi hər tərəf də yaşıllıq və gül-çiçəkdir. Təkcə Sanatoriyanın binaları yox, həyəti də yüksək səviyyədə təmir olunub. Piyada gəzmək üçün yaxşı yollar çəkilib. Xəstələr burada rahat gəzib, təmiz, yod-bromlu hava udurlar. Urək xəstələri üçün çox gəzmək və yüngül idman hərəkətləri etmək vacibdir. “Çoxlu piyada gəzmək, sağlamlığın, ürək xəstələrinin ilk dərmanıdır”,- deyib məşhur həkimlər. İndi hal-hazırda qız fəsli olmasına baxmayaraq Sanatoriyamızda 150-dən çox xəstə var. Onlara da lazım olan səviyyədə xidmət gözstəririk.

- Bura müalicəyə gələn insanlara tövsiyələriniz nədir?

- Xəstələr hamısı bura Həmkarlar Təşkilatlarının göndərişləri ilə gəlirlər. Hər birinə də burada olduğu 15 gündə həkim təyin olunur. Onlar həmin həkimin nəzarəti altında və təyin etdiyi prasedurları qəbul edirlər. Çünki bura gələnlər ya özləri kardioqramma və başqa analizlərlə bağlı kağızlar gətirirlər, ya da burada kardioqramma çəkilir və lazım olan bütün analizlər verilir. Həkim də həmin kardioqrammanın və analizlərin sayəsində hər xəstəyə uyğun müalicələr yazır. Onlar evə gedəndə də həkimlər onlara xəstəliyin dərəcəsinə uyğun öz tövsiyyələrini verirlər. Ürək xəstəsi olan insanlar yaxşı olar ki, ən azından 3 il, ildə bir dəfə olmaqla bura gəlib, müalicə alsınlar. Ümumiyyətlə ürək xəstəliyi bu gün dünyada yayılan ən geniş xəstəlikdir. Bu xəstəliklə ölüm riski də çox yüksəkdir. Ona görə də insanlar bu xəstəliyə tutulmamaq üçün daima öz sağlamlığını fikirləşməli, stresslərdən, əsəbdən, konfliktlərdən, spirtli içkilərdən, tütün məmulatlarından uzaq olmalı və sağlam həyat yaşamalıdırlar. Hər bir insan 40 yaşından sonra tez-tez həkimə müraciət etməlidir. Onunla məsləhətləşməlidir. Əgər onda ürəklə, təzyiqlə, şəkərlə bağlı hər hansı problem olarsa, həmin insan hökmən və həmişə həkim nəzarətində olmalı, onların məsləhətlərinə ciddi əməl etməlidirlər. Onlar həmişə piyada gəzməyə, yüngül idman hərəkətləri etməyə, həmişə pəhriz saxlamağa üstünlük verməlidirlər.

- Bu Sanatoriyaya MDB ölkələrindən və xarici ölkələrdən gələnlər olurmu?

- Sovetlər Birliyi vaxtı bura ayrı-ayrı respublikalardan gələnlər daha çox olub. Sovetlər Birliyi dağılandan sonra da adamlar çox gəlir. Elə bu il Orta Asiya ölkələrindən bizim Sanatoriyaya gələnlərin sayı çox olub. Eləcə də Sankt-Peterburqdan, Moskva şəhərindən gələnlər də az olmayıb. Hətta Amerikadan, İsrayildan, Bolqarıstandan və başqa xarici ölkələrdən gələnlər də az olmur. O insanlar ki, vaxtı ilə Sovetlər Birliyində yaşayıblar və indi bir sıra xarici ölkələrdə yaşayırlar, onlar bizim sanatoriyada müalicə olunmağa daha çox üstünlük verirlər. Burada müalicə olunub gedəndə də bizə öz razılıqlarını bildirirlər. Mən elə bilirəm ki, dünyada insan üçün sağlamlıqdan əziz və qiymətli heç nə yoxdur. Ona görə hər bir insana həkim kimi fövsiyyəm budur ki, öz sağlamlıqlarının qeydinə qalsınlar. Atalarımız da deyib ki, “insanın ən böyük var-dövləti onun sağlamlığıdır”. Əgər hər bir insan özünün həkimi olsa, onda biz həkimlərə də ehtiyac az olar. Çox sevindirici haldır ki, bu gün başda ölkə başçımız cənab İlham Əliyev və Vitse prezidentimiz Mehriban xanım Əliyeva olmaqla hamı çalışır ki, insanlarımız sağlam olsun. Belə ki, bir-birindən yaraşıqlı tibb ocalarımızın tikilməsi, onların dünya səviyyəli tibbi avadanlıqlarla təchiz olunması, Olimpiya komplekslərinin tikilməsi və insanlarımızın idmanla ciddi məşğul olması da sübut edir ki, həmvətənlərimizin sağlamlığı bu gün ən ümdə, vacib məsələdir. Bax bu, ən böyük sevindirici haldır. Deməli, ölkəmizdə insanlara qayğı, diqqət çox böyükdür. Azərbaycandakı bütün tibb işçilərinin də borcudur ki, bacardığı qədər insanlarımızın sağlamlığının qorunmasına çalışsınlar. Bunu hər bir tibb işçisi özünə şərəf və borc bilməlidir.

Bu Sanatoriyada müalicə alan hər bir insanla söhbət etdikdə, onlardan yalnız xoş sözlər eşidirdim. Onlardan biri - Mehdi Quliyev bu sözləri dedi:

- Mən bura Ordubaddan gəlmişəm. Özüm mühəndisəm. Vaxtı ilə infakt keçirmişəm. Həkimlərin mənim sağalmağıma ümidləri az idi. Artıq 7-ci dəfədir ki, bu Sanatoriyada oluram. Burada məni lazım olan səviyyədə müalicə edirlər. Özümü çox gümrah və yaxşı hiss edirəm. Ona görə də ürək, şəkər xəstəliyi olanlara, yüksək təzyiqdən əziyyət çəkənlərə məsləhətim budur ki, sağalmaq üçün heç bir xarici ölkəyə getməsinlər. “Bilgəh” Kardioloji Sanatoriyasına gəlib, burada müalicə olunsunlar. Onlar bunun xeyrini də özləri görəcəklər və başda Muxtar həkim olmaqla bütün həkimlərə, tibb bacılarına, texniki işçilərə “sağ olun” deyəcəklər.

Müxtar həkimldən ayrılanda yadıma saldım burada mənim həkimim olan ali dərəcəli kardioloq, dəyərli ziyalı, böyük mədəniyyət sahibi Şərif Şahməmmədovu və başqa həkimləri. Eləcə də yod-brom üzrə xəstələri müalicə edən tibb bacısı Zenfira Bədirxanovanı, darsenvalda işləyən Tahirə Kamilovanı, massajist Solmaz Əjdərqızını, ultrasəslə və özünün xoş rəftarı ilə xəstələri müalicə edən Nigar İsgəndərovanı, elektrofarezdə işləyənlər Surət Bayramovanı, Aybəniz Muradovanı, müalicəvi duş massajisti Səlminaz Paşayevanı, parafində işləyən Gilə və Qumru xanımları, tibb bacıları Məlahət Rzayevanı, Günel Nadirovanı, İlahə Süleymanovanı, Nəzakət Mirverdiyevanı, Aida Hadıyevanı, Xanım Mirzəyevanı, Afət Şahməmmədovanı, Nelli Mixaylovanı, baş tibb bacısı Qumru Haqderdiyevanı və onlarca başqa tibb bacılarını yaddan çıxarmaq olmaz. Yeməkxanada xəstələrə yüksək səviyyədə qulluq edən Tamilla Əhmədovanın, Sevda Rzayevanın, Elza Rəhimovanın, Təranə Quliyevanın, Gülafət Əsədovanın və baş aşbaz Zahid Aslanovun da işlərindən hamı çox razı idi. Bu insanlar öz işlərinin yüksək mütəxəssisi olmaqla, doğrudan da əllərindən gələni edirdilər ki, xəstələr onlardan tam razı qalsınlar. Bəli, belə yüksək təcrübəli, öz işinin mütəxəssisi olan insanlarla işləmək həqiqətən də xoşdur. Belə gözəl kollektivi yaradan və onlara stimul verən isə əlbəttə, Muxtar Əhmədovdur. Bəli, siz bu şərəfli işinizlə, şəfalı əllərinizlə, böyük diqqətiniz, mehribançılığınızla hər il minlərlə insanlara sevinc, xoşbəxtlik, sağlamlıq bəxş edirsiniz mənim əzizlərim. Qoy Ulu Tanrı da sizə həmişə sevinc, xoşbəxtlik bəxş etsin.

Oxşar xəbərlər