İnsan ac olduğuna görə yox, oğru olduğu üçün talayır

İnsan ac olduğuna görə yox, oğru olduğu üçün talayır Hamı öz əmlakına münasibətdə məsuliyyətli olmalı, oğrunun hədəfindən yayınmaq üçün tədbirli olmalıdır



Oğurluq – özgənin əmlakını gizli olaraq talamadır. Bu əməli törədən adama oğru deyirlər. Oğurluq insan qürurunu alçaldan elə davranış normasıdır ki, hüquq normaları bunu xəta, cinayət, səmavi kitablarda isə onu böyük günah və cəza deyir.


Bir adamın oğurluq etməsinin səbəbi özünə aid olmayan nəyəsə duyduğu istəkdən qaynaqlanır. Bəzən bu istək o qədər güclü olur ki, insanı yoldan çıxarır. Belələri ilk oğurluqdan sonra dəyişmir, təkrar yaxşı insana çevrilmək üçün səbəb görmür. Mübahisəlidir. “Dünyada oğrudan daha təhlükəli canlı yoxdur. Kim olursa olsun, amma bu yaramazlar insan əməyini, ona çəkilən zəhmət tərini, zamanı oğurlayır”, -deyə oğru əxlaqını təftiş edən Dostayevski qəti olaraq iddia edir ki, oğurluq ehtiyacdan baş vermir, bu, əxlaq, tərbiyə məsələsidir.


Oğurluq bütün dünyada geniş yayılan ictimai təhlükəli əməldir. Baxmayaraq ki, böyük ictimai təhlükəli cinayətlər kateqoriyasına aid deyil, ancaq cəmiyyəti, polisi narahat edir, qayğılandırır. İndi dünyanın elə çağında yaşayırıq ki, cəmiyyəti təhdid edən oğurluğa qarşı mübarizədə profilaktika, yəni qabaqlayıcı tədbirlər ön plandadır. Nədənsə bəzən insanlar öz məsuliyyətini, başqa sözlə, öz əmlakına münasibətdə sayıqlığını arxa plana çəkir, məsələyə yalnız “polisin işi”, “polisin vəzifəsi” nöqteyi-nəzərini əsas götürməklə yanaşırlar.

Hər kəsə bir həqiqət aydın olmalıdır ki, hamı öz əmlakına münasibətdə məsuliyyətli olmalı, oğrunun hədəfindən yayınmaq üçün tədbirli olmalıdır. Nədir bu tədbirlər? İctimai yerlərdə üzərində daşınan hər hansı qiymətli əşya, yaxud pul, avtomobil, daşınmaz əmlak – mənzil mümkün qədər mühafizə olunmalıdır. Bununla bağlı Daxili İşlər Nazirliyi cəmiyyətə zaman-zaman məlumatlar yayır ki, əmlakınıza qarşı münasibətdə hər bir vətəndaş məsuliyyətli olmalıdır.

Məsələn, avtomobili işıqlandırılmayan, mühafizə olunmayan yerlərdə saxlamaq, avtomobilin açar-pultunu uşağın əlinə vermək, yaxud əl çatan etmək, mənzil oğurluqlarında qısamüddətli evdən çıxıb-qayıdacağını zənn edib yubanmaq cinayətkara fürsət verir. Qaranlıq küçədə, mühafizə olunmayan yerdə, açıq qapıdan və pəncərədən keçməklə avtomobili, mənzili talamaq oğru üçün ideal şərait yaradır. Krimonologiya elmində buna viktimologiya deyilir.


Azərbaycan dünyanın elə nadir ölkələrindəndir ki, burda hər gözdən axan yaş ürəyə toxunur. Səfil, dilənçi, xəstə qiyafəsində dolaşıb yardım istəyənlərə kömək oluruq. Ancaq statistika deyir ki, ey cəmiyyət, diqqətli ol, nəzərə al ki, tanımadığın adamın məqsədi görünmür. Bir insan ac olduğuna görə yox, oğru olduğu üçün talayır, - deyə vurğulayan ingilis yazıçısı Uilyam Somerset Moem haqlı olaraq iddia edir ki, cəmiyyətdə hamının tanımadığı adamlar var ki, onlara qarşı nə qədər diqqətli davransaq, o qədər təhlükəsiz yaşamaq imkanlarımız genişlənəcəkdir.


Polis həmişə hadisələri detallarına qədər açıqlamır. Bunun konkret səbəbləri var. Nədir bu səbəblər? Cinayətkar davranışı stimullaşdıran elə əməllər var ki, başqaları üçün bu “əlifba” ola bilər. Və “sürprizlər” o qədər çox, o qədər intensiv olur ki, polis cəmiyyəti təhdid edən hallara qarşı barışmaz olmaqla qalmır, insanı və sağlamlığını, əmlakını müdafiə edə, yüksəldə biləcək nə varsa, polis ona həssasdır, yaxud əksinə, cəmiyyətə zərər vuran nə varsa, ona qarşıdır.

Elşad Hacıyev
Polis mayoru

Oxşar xəbərlər