Telman İsmayılova verilən 70 milyon, Qazaxıstanda alınan neft yatağı - Cahangir Hacıyevin 4.7 milyardlıq cinayət işi

Telman İsmayılova verilən 70 milyon, Qazaxıstanda alınan neft yatağı - Cahangir Hacıyevin 4.7 milyardlıq cinayət işi Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fuad Abdullayev ifadə verib.

F.Abdullayev 1992-ci ildən Azərbaycan Beynəlxalq Bankında çalışıb. Sonuncu vəzifəsi isə 2001-ci ildən 2015-ci ilə qədər "Moskva" filalının rəhbəri olub. Şahid ifadəsində kreditlərin Cahangir Hacıyevin göstərişi ilə alındığını bildirib. Söyləyib ki, bankdan ayrılandan sonra götürülmüş kreditlərin ödənilib-ödənilməməsindən xəbəri olmayıb.

Suallara cavab verən şahid Cahangir Hacıyevin Qazaxıstanda neft yatağı aldığını deyib: "Cahangir Hacıyevi Emin Sadiq adlı şəxslə tanış etdim. Neft yatağı alınanda bir neçə şəxsin adına rəsmiləşdi. 60 faiz bankın Hətəm Həsənov adlı əməkdaşının adına rəsmiləşdi. Yatağın alınmasına 16 milyon dollar pul verildi".

Məlum olub ki, hazırda bu işlə bağlı Qazaxıstanda mülki müstəvidə məhkəmə işi gedir. F.Abdullayev əlavə olaraq deyib ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı, AST Telman da bankdan 70 milyon dollar kredit götürüb. Telman İsmayılov krediti ödəyə bilmədiyi üçün 4 şirkətini Cahangir Hacıyevin adamı Xəqani Bəşirovun nəzarətinə verib.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Musavat.com

Oxşar xəbərlər