İlham Əliyev məmur bürokratiyasının axırına çıxır: islahat paketinin pərdəarxası...

İlham Əliyev məmur bürokratiyasının axırına çıxır: islahat paketinin pərdəarxası... Artıq geriyə dönüş yoxdur. Hakimiyyət islahatlar paketini ortaya qoyub və cəmiyyəti narahat edən məsələlər həllini tapır

Cahan.info-nun analitik qrupu yazır ki, prezident İlham Əliyev məmur bürokratiyasının axırına çıxır.

Bundan sonra nazirliklərin, komitələrin, icra hakimiyyətlərinin qapılarında vətəndaşları süründürməçiliyə məruz qoymaq, incitmək, intihara çatdırmaq hallarına son qoyulacaq.

Dövlət başçısı məmurlardan şikayətlər eşitmək istəmir. Əgər hansı bürokratik əngəl barədə şikayət olunacaqsa, həmin məmur ciddi şəkildə cəzalandırılacaq.

Hakimiyyətin yeni idarəçilik modeli, islahatlar qudurmuş, harın məmurların sonunu gətirir. Xalq - prezident həmrəyliyi, dövlət - xalq birliyi azğınlaşmış məmurların həddini aşan əməllərini yığışdırmağın vaxtını çatdırdığını göstərir.

Ölkədə elə bir idarəçilik sistemi qurulur ki, məmurlar oliqara çevrilməyəcəklər. Ziya Məmmədovlar, Fazil Məmmədovlar, Səlim Müslümovlar və s. fiqurlar olmayacaq.

Ümumiyyətlə, prezident ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələləri bilir və onları daim diqqət mərkəzində saxlayır. Onların həlli istiqamətində ciddi tapşırıqlar verir, nəticəsi ilə şəxsən maraqlanır.

Məsələn, şəhid ailələrinə istisnasız olaraq birdəfəlik müavinətlərin verilməsi, bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata qaldırılması, məcburi köçkünlərlə bağlı geniş inşaat proqramlarının icrası bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.

Bununla yanaşı, son aylarda dövlət başçısının imzaladığı fərman və sərəncamlara əsasən, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi, minimum əməkhaqqının 38 faiz artması, yəni 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qalxması və bunun müqabilində 223 min insanın pensiya təminatının yaxşılaşdırılması dövlətin bu təbəqəyə göstərdiyi diqqətin əyani təzahürüdür.

Uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri kimi vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli mənzillərin sənədləşməsi məsələsinin həlli istiqamətində imzalanan fərman da çoxlarını sevindirdi.

Çünki İlham Əliyevin imzaladığı fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər.

Son 2 ayda Prezident İlham Əliyev xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində onlarla fərman və sərəncamlar imzalayıb, şimal bölgəsində baş verən zəlzələdən dərhal sonra təlaş içərisində olan insanlara dayaq olub, Şamaxıda, Beyləqanda, Sumqayıtda vətəndaşlarla səmimi görüşlər keçirib problemlərini dinləyib. Bütün bunlar Prezidentin xalqın rifahının yüksəlməsinə yönələn siyasətin növbəti təzahürüdür.

Dövlət başçısı dünənki müşavirədə bir daha bəyan etdi ki, xalqın sosial vəziyyətinin yüksəldilməsi istiqamətində sosial paket hazırlayıb.

Minimum əməkhaqqının, pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi və dünən Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədi ilə imzaladığı sərəncam da bu sosial paketin tərkib hissəsidir.

Yeni sərəncama əsasən, bir çox kateqoriyalara aid insanların müavinət və təqaüdlərinin artırılması da bir daha təsdiq edir ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənəcək.

Bütün bunlar bir daha əminlik yaradır ki, Prezidentin dediyi kimi, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaq.

Bu gün Azərbaycan nəinki regionda, hətta dünyada mükəmməl infrastruktura malik ölkə hesab olunur. Son dövr bu sahədə çox işlər görülüb və həmin işlər sayəsində əhəmiyyətli layihələrin reallaşdırılması ilə yanaşı, ölkədaxili infrastruktur da təkmilləşdirilərək yüksək səviyyəyə çatdırılıb.

Beynəlxalq təşkilatlar da öz hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirirlər. İndiyədək 38 şəhərin su ilə təminatı da tam həllini tapıb, 12 şəhərdə isə bu istiqamətdə işlər davam edir. Bununla yanaşı, bölgələrdə artezian quyuları qazılaraq əhali həm içməli, həm də suvarma suyu ilə təmin olunub.

Bütün bu və digər işlərin nəticəsidir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan dünyada infrastruktur layihələrinin mükəmməlliyinə görə 34-cü yerdə qərarlaşıb.

Bu, böyük nailiyyət kimi ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinə beynəlxalq təşkilat tərəfindən verilən yüksək qiymətdir.

Oxşar xəbərlər