Yaşamaq əmri: Azərbaycandakı “Pomidor işi” İspaniyada seçkilərə necə təsir edib

Yaşamaq əmri: Azərbaycandakı “Pomidor işi” İspaniyada seçkilərə necə təsir edib Azərbaycan Respublikasının ölüm hökmünü ləğv etməsinin ildönümündə Sputnik Azərbaycan-ın əməkdaşı zamanında böyük səs-küyə səbəb olmuş bir hadisəni xatırlatmaq qərarına gəlib. Söhbət 1974-cü ildə İspaniyada keçirilən parlament seçkilərinin nəticələrinə təsir etmiş “pomidor işi” ilə bağlı ölüm hökmündən gedir. Oxucular üçün son dərəcə maraqlı olacaq bu hadisəni Sputnik Azərbaycan-ın əməkdaşına həmin iş üzrə dörd məhkumun vəkili olmuş, hazırda həyatda olmayan Teymur İsmiyev danışıb.

Onun sözlərinə görə, sovet dövründə adamları təkcə siyasi xarakterli cinayətlərə görə deyil, banditizmə və hətta dövlət malını mənimsəməyə görə də ölüm hökmünə məhkum edirdilər. Sonuncu hal Azərbaycanda nadir hallarda baş verib. Amma 1974-cü ildə Azərbaycan SSR-də ölüm hökmü ilə müşayiət olunan məhkəmə prosesi İspaniyada keçirilən seçkilərdə kommunistlərin uğursuzluğuna səbəb olub.

Belə ki, həmin ilin iyulunda Respublika Ali Məhkəməsində Lənkəran rayonunun 56 sakini ilə bağlı proses başlayıb. Bu prosesin nəticələri nəinki təkcə Respublikada, onun hüdudlarından xeyli kənarda da əks-səda doğurub. Məsələ belə olub. Lənkəran rayonunun “Lenin xatirəsi”, “Batutin”, “Qələbə”, “26 Bakı komissarı” kolxozlarının sədrləri, kadrlar şöbəsinin əməkdaşları, mühasibləri, əmtəəşünasları və digər məsul işçiləri külli miqdarda dövlət əmlakını mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb ediliblər.

Müttəhimlərin çoxu Azərbaycan SSR Cinayət Məcəlləsinin 88-1 (külli miqdarda dövlət və xüsusi əmlakı mənimsəmə) və 169 (səhlənkarlıq) maddələri ilə ittiham ediliblər.

İş üzrə ittiham edilənlərdən biri Lənkəran rayon tərəvəzlərin qablaşdırılması və çeşidlənməsi fabrikinin baş mühasibi Ənvər Zöhrabov olub. Məhkəmə materiallarına görə, o və daha 55 nəfər 1966-cı ildən 1970-ci ilə qədərki dövrdə cinayət əlaqəsinə giriblər.

“Yuxarıda qeyd olunan kolxozların məsul şəxsləri məlumatların saxtalaşdırılması yolu ilə (misal üçün təhvil-təslim aktında göstərilən 10 ton pomidorun əvəzinə fabrikə 5 ton tərəvəz daxil olub) külli miqdarda kənd təsərrüfatı məhsulunu oğurlamaqda təqsirli bilinirdilər. Bununla yanaşı, kolxozçular əmək sənədlərini saxtalaşdırmaqda və qanunsuz olaraq əlavə əməkhaqqı almaqda günahlandırılırdılar” – deyə Teymur İsmiyev bildirib.

Sözügedən kolxoz məsullarının səhlənkarlığı isə onunla bağlı idi ki, onlar tərəvəzləri fabrikə göndərilməmişdən qabaq çəkmədən ehtiyatsızlıq edərək konteynerlərə yükləyiblər. Nəticədə tərəvəzlər xarab olaraq itkiyə gedib.

İstintaqın hesablamalarına görə, kolxoz rəhbərliyi 2 330 380 manat 02 qəpik həcmində dövlət vəsaitlərini mənimsəyib və korlayıb. Ümumilikdə müttəhimlər dövlətə 8 546 771 manat 34 qəpik dəyərində ziyan vurublar. İstintaq zamanı Ənvər Zöhrabovun verdiyi ifadələr əsasında hakim Sabir Kərimovun sədrlik etdiyi məhkəmə müttəhimlərin beşini əmlakları zavodun xeyrinə müsadirə edilməklə və güllələnmə yolu ilə öldürülməklə ölüm cəzasına məhkum etmək qərarına gəlib.

Məhkəmənin qərarı yekun qərar hesab edilib və qeyd olunub ki, ondan şikayət verilə bilməz. Cinayəti törətməkdə təqsirli bilinən digər şəxslərə isə müxtəlif müddət, həmçinin 15 ilədək azadlıqdan məhrumetmə cəzası kəsilib. Ənvər Zöhrabov keçirdiyi stress nəticəsində iflic olub. Bir il ərzində uzanan məhkəmə prosesi dövründə o, bir kəlmə belə danışmayıb. Lakin o, məhkəmə iclaslarına gedirmiş. Məhkəmə prosesinin keçirildiyi zala Zöhrabovun ardınca digər cinayətə görə məhkum edilmiş qardaşı gətirilib.

“Bununla yanaşı, cinayət qanunvericiliyinə əsasən, müttəhimi mütləq Moskvaya Serbski adına İnstituta təkrar məhkəmə-psixiatrik ekspertizaya göndərmək lazım gəlirdi. Lakin məhkəmə heyəti qanunlara laqeyd yanaşdı və Zöhrabovun özünü psixi xəstəliyə vurduğu iddiası ilə onun bu hüququnu məhdudlaşdırdı. Bununla da tərəvəzlərin qablaşdırılması və çeşidlənməsi zavodunun baş mühasibi Ənvər Zöhrabov, “Lenin xatirəsi” kolxozunun sədri Mahmudov Hilal Ağabala oğlu, “Batunin” adına kolxozun sədri Hüseynov Rəhman Rəhman oğlu, tərəvəzlərin qablaşdırılması və çeşidlənməsi fabrikinin qəbul məntəqəsinin direktoru Bayramov Haşım Cəfər oğlu və “Lenin xatirəsi” kolxozunun baş mühasibi Dolmatov Aleksandr Qriqoryeviç haqqında ölüm hökmü çıxarıldı” – deyə vəkil bildirib.

“Pomidor işi” üzrə məhkəmə prosesinin iştirakçısı, əməkdar hüquqşünas, vəkil Teymur İsmiyevin sözlərinə görə, sözügedən şəxslərə verilmiş ölüm cəzasının əsası olmayıb. Cinayət işinin özündə müttəhimlərə münasibətdə ölüm cəzasından istifadəsinin əsası göstərilmirdi. CM-nin 88-1-ci maddəsində alternativ cəza – 15 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulurdu.

Vəkil bildirib ki, bu vəziyyətdə məhkəmə cəza müəyyən edən zaman yüngülləşdirici halları – beş nəfərdən üçünün əvvəllər məhkumluğunun olmaması, himayəsində azyaşlı uşaqların olması və s. – nəzərə almağa borclu idi. O vaxtlar bu əsası olmadan verilən yeganə ölüm cəzası halı deyildi. Amma beynəlxalq aləmin reaksiyası sayəsində bu işdə gözlənilməz dönüş yarandı.

“Həmin vaxt məhkəmə prosesini işıqlandırmaq üçün Moskvadan “Literaturnaya qazeta”nın xüsusi müxbiri gəldi. O, məhkəmə işi ilə bağlı məqalə yazmaqla kifayətlənmişdi. Bir müddətdən sonra “Literaturnaya qazeta”nın iki sayında “Pomidor işi” sərlövhəsi ilə məqalə dərc olundu. “Məqalə böyük rezonans doğurdu və hakimlərin gözləntiləri özünü doğrultmadı” deyən İsmiyevin sözlərinə görə, “Pomidor prosesi” ilə bağlı xəbər bütün Avropanı bürümüşdü: “Avropanın aparıcı KİV-ləri “Literaturnaya qazeta”nın məqaləsini öz dillərinə tərcümə edərək yaydılar. Bu tarixçədə məsələnin ən maraqlı tərəfi isə o oldu ki, “pomidor işi” İspaniyadakı siyasi hadisələrə ciddi təsir göstərdi. Həmin vaxt ölkədə parlament seçkiləri keçirilirdi.

Sollar, yəni kommunistlər öz qələbələrinə əmin idilər. Amma belə olmadı. Kommunistlərin opponentləri Azərbaycandakı “pomidor işi” ilə bağlı prosesləri əks etdirən plakat və vərəqələri Madrid, Barselona və digər şəhərlərdə hər yerə yapışdırdılar. Misal üçün plakatlarda yazılmışdı: “Kommunistlərə yox deyin. Yox, amma əgər siz xarab olmuş pomidorlara görə güllələnmək istəyirsinizsə, o zaman kommunistlərə səs verin!”

İsmiyevin dediyinə görə, bu şüarlar ispan kommunistlərin taleyini həll etdi – onlar uğursuzluğa düçar oldular. Həmin vaxt SSRİ Ali Sovetinin Rəyasət Heyətinə Azərbaycan SSR Ali Məhkəməsinin qərarından minlərlə yazılı şikayət daxil oldu. “Mərkəz”in güllələnmə cəzasına layiq görülmüş müttəhimləri əfv etməkdən başqa çarəsi qalmadı.

SSRİ Ali Sovetinin plenumu ölümə məhkum edilmiş dörd nəfərin cəzasını yüngülləşdirərək 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyib. Lakin məhkumlardan birini – Ənvər Zöhrabovu güllələyiblər

Oxşar xəbərlər