“Sovetski”də söküntünün ikinci dalğası: Kompensasiya bir qəpik də artmır – Foto

“Sovetski”də söküntünün ikinci dalğası: Kompensasiya bir qəpik də artmır – Foto Yeni mərhələdə 1920 ev söküləcək, sakinlər devalvasiyadan sonra təzminatın məbləğinə yenidən baxılmasını istəyirlər
Bakının Bəşir Səfəroğlu küçəsi, 173 saylı orta məktəbin arxası çoxdan buldozerə verilib, şumlanıb, sakinlərə də dövlət tərəfindən kompensasiya ödənilib. Amma “Sovetski” adlanan bu ərazidə hələlik heç bir yenidənqurma işləri getmir.

Həmin massivdə olarkən təsvir etdiyimiz mənzərənin şahidi olduq. Sökülən evlərin yerində yeni binalar tikiləcəyi gözlənilir. Hələliksə diqqət Akademik Dram Teatrın arxasında gedən işlərə yönəlib.

Burada park salınır, yerüstü keçidlər tikilir, “Sovetski”nin görkəmi tamamilə dəyişir. Bu işlərin 2019-cu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

B.Səfəroğlu küçəsində sökülən mülklərin ərazisi isə tikinti şirkətləri tərəfindən alınaraq göydələnlər inşa olunmalıdır. Ümumiyyətlə, “Sovetski”də işlər mərhələli gedir.

Köçürülməsini gözləyən sakinlər isə deyirlər ki, hökumət bu məhəllələrin simasını tam dəyişdikdən sonra “Sovetski” adı ancaq tarixdə və adda qalacaq.

Nazirlər Kabineti tərəfindən ərazinin ikinci hissəsinin sökülməsi üçün qərar verilməlidir. Daha sonra ev və obyektlərin söküntü işləri ilə bağlı vəsait ayrılacaq.

Söhbətləşdiyimiz sakinlərdən öyrənirik ki, yeni mərhələdə “Sovetski” ərazisində 1920 ev söküləcək. III mərhələdə isə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlər aparılacaq.

Bu günə kimi 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektlərinin dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. “Sovetski”də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb. 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. O ki qaldı sökülən mülklərə görə ödənən təzminatın məbləği dəyişməz olaraq qalır – kvadratmetrə 1500 manat. Sakinlərin sözlərinə görə, dövlət kompensasiyanın məbləğinə yenidən baxmalıdır.

İlk növbədə iki dəfə manatın devalvasiyası olub, əmlak bazarında qiymətlər çox dəyişib, o cümlədən şəhərin mərkəzi sayılan “Sovetski”də tikilən göydələnlərdə mənzillərin qiyməti artıb. Bu halda ödənilən kompensasiya bazar qiymətlərinə uyğun deyil.

Deputat Elmira Axundova da bu təkliflə çıxış eləmişdi: “Qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş ”Sovetski” ərazisində və ətrafda yerləşən binalarla bağlı manatın devalvasiyaya uğradığını nəzərə alaraq, gözləmək olardı ki, hökumət kompensasiyasını bir qədər artıracaq. Lakin hələ də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur – 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin”.“Sovetski”də söküntünün ikinci dalğası: Kompensasiya bir qəpik də artmır – Foto








Deputatın sözlərinə görə, dövlət hesabına tikilən belə evlərin 1 kvadrat metri təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər: “Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar. O ki qaldı nisbətən böyük evlərin sahiblərinə, yəni evinin sahəsi 60-80 kvadrat metrdən yuxarı olanlara, onlara verilən kompensasiyanın həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Bu, sosial cəhətdən ədalətli olardı”.“Sovetski”də söküntünün ikinci dalğası: Kompensasiya bir qəpik də artmır – Foto



Amma sakinlərə bir qəpik də artıq kompensasiya ödənilmir. Camaat bildirir ki, bütövlükdə “Sovetski”nin tamamilə köçürülməsi işləri 2020-ci ildən sonraya qədər çəkəcək. Bu müddətdə isə Azərbaycanda müxtəlif iqtisadi proseslər gedəcək, qiymətlər dəyişəcək. Sakinlər bizimlə söhbətində dedilər ki, gözləri prezidentə dikilib: “Dövlət başçısı son zamanlarda mühüm qərarlar verir, əhalinin xeyrinə sosial layihələr həyata keçirir, çox istərdik ki, ”Sovetski”də kompensasiyanın məbləğinə də yenidən baxılsın”. (musavat.com)

Oxşar xəbərlər