Azərbaycanda növbəti prezident seçkilərinin tarixi açıqlandı

Azərbaycanda növbəti prezident seçkilərinin tarixi açıqlandı Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişiklik təklif edilir.

Modern.az-ın məlumatına görə, prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.

Belə ki, növbədənkənar prezident seçkilərində seçilmiş prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl prezident seçildiyi ayda (yəni növbədənkənar seçkilərin keçirildiyi 11 aprelə) bitir.

Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilir.

Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən prezident seçkilərində prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir.

Seçki Məcəlləsinə təklif edilən dəyişikliyin noyabrın 27-də Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacağı bildirilir.

Oxşar xəbərlər