Aqibət Məmmədov: İnfrastruktur quruculuğunun miqyası olduqca genişdir, bütün ölkəni əhatə edir

Aqibət Məmmədov: İnfrastruktur quruculuğunun miqyası olduqca genişdir,  bütün ölkəni əhatə edir Prezident İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində, Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə, "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədovu təltif etdi.


Aqibət Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov - İnfrastruktur quruculuğunun miqyası olduqca genişdir, bütün ölkəni əhatə edir. Ölkəboyu yeni yollar çəkilir və yenidənqurma işlər aparılır, körpülər və yol qovşaqları inşa olunur. Ötən müddət ərzində ölkəmizdə müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin uğurla reallaşdırılması təkcə paytaxt Bakının deyil, eyni zamanda, respublikamızın bölgələrində də inkişaf göstəricilərinin qeydə alınmasını şərtləndirib. Yol infrastrukturunun yenilənməsi yönündə davam etdirilən işlər də bu baxımdan böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıdakı dövrdə bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə müəyyən olunub. Eyni zamanda, respublika rayonlarını əhatə edən avtomobil yollarının tikintisi, yenidən qurulması ilə bağlı işlər davamlı xarakterə malikdir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bu məsələyə toxunaraq deyib ki, avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Dövlətimizi başçısı infrastruktur layihələrini həm iqtisadi, həm sosial sahə kimi xarakterizə edib. Həqiqətən də elədir, çünki bu, insanların rahatlığına xidmət edir. Bu, həmçinin turizm imkanlarının artırılmasına və sənaye istehsalının genişləndirilməsinə töhfə verir. Son 14 il ərzində on min kilometrdən artıq avtomobil yollarının çəkilməsi, yüzlərlə körpü keçidlərinin, yol qovşaqlarının tikilməsi bu sahədə görülən işlərin miqyası və əhəmiyyətini göstərir. Ən əsası, bu proses davamlı xarakter daşıyır. Dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq bölgələrdə respublika əhəmiyyətli, kəndlərarası, qəsəbələrarası avtomobil yolu, eləcə də körpü və yeraltı piyada keçidlərinin layihələri üzrə tikinti və yenidənqurma işləri uğurla davam etdirilir.

"Gəncə Körpü Tikinti-2" ASC 1975-ci ildə 2 saylı Körpü Tikinti İdarəsi kimi yaradılmışdır. 2001-ci ildən Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Müəssisənin 43 illik istehsalat təcrübəsi vardır. ASC respublika ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan müəssisələrdən biridir. Bundan başqa, şəhər yollarında və avtomobil magistrallarında abadlıq işlərini, müxtəlif tikinti obyektlərində monolit və yığma dəmir-beton konstruksiyalarının tikinti-quraşdırma işlərini də həyata keçirir. Müəssisə rəhbərliyinin başlıca məqsədi elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə edərək infrastruktur quruculuğuna töhfə verməkdir. Bu zamana qədər “Gəncə Körpü Tikinti-2” ASC tərəfindən xeyli sayda mühüm əhəmiyyətə malik körpü və yol keçidləri inşa olunub, respublika və beynəlxalq əhəmiyyətli avtomobil yolları çəkilib. Böyük “İpək Yolu” layihəsinin tikintisində, ölkənin ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ- Bakı su xəttinin çəkilişində “Gəncə Körpü Tikinti-2” АSC yaxından iştirak edib. Bundan başqa, Bakı şəhərində Babək prospekti ilə Mikayıl Əliyev və Məhəmməd Hadi küçələrinin kəsişməsində uzunluğu 2 km-dən artıq olan yolqovşağı kompleksi, Bakı şəhərində Ziya Bünyadov ilə Atatürk prospektlərinin kəsişməsində yolötürücüsü, Bakı şəhərində Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yolötürücüsü, Bakı şəhərində Koroğlu dairəsi H.Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun yenidənqurulması işləri üzrə Suraxanı və Sabunçu rayonu ərazilərində körpü keçidləri son illər ASC-nin inşa etdiyi obyektlərin bir qismidir. Bu işlər Azərbaycanın müxtəlif bölgələrində də müvəffəqiyyətlə davam etdirilib. Gədəbəy rayonu İsalı kəndində 180 şagird yerlik tam orta məktəb binası, Gəncə şəhərində “İmamzadə” Dini Коmpleksinin yenidənqurulması və ətrafında abadlıq işləri, Gəncə şəhər Təhsil İdarəsinin yeni inzibati binasının və Gəncə şəhər 2 saylı, 240 yerlik uşaq bağçasının tikintisi son illər kollektivimizin inşa etdiyi obyektlərin bir qismidir.

Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq iqtisadiyyatın liberallığının, əlverişli biznes mühitinin və rəqabət qabiliyyətliliyin təmin olunması hər bir qurumun ölkənin inkişafına xidmət edən layihələrini uğurla yerinə yetirməsinə imkan yaradır. Bu isə həm sahibkarlığın inkişafını təmin edir, həm də iqtisadi inkişaf göstəricilərinin artmasını şərtləndirir.

Oxşar xəbərlər